REGİONLAR
Üzüm bağlarını xəstəliklərdən qorumaq üçün düzgün qulluq olunmalıdır FOTO VİDEO










Ağstafa, 7 iyul, Ruslan Novruzoğlu, AZƏRTAC
Üzüm yetişdirən təsərrüfatçılar arasında məşhur bir deyim var: “Üzüm sahəsində iş il boyu bitmir”. Həqiqətən də üzüm bağında iş, qulluq ilboyu davam etməlidir.
AZƏRTAC xəbər verir ki, hazırda Ağstafanın üzüm bağlarında qızğın iş gedir. Lazımsız yaşıl yarpaqlar təmizlənir, yeni pöhrələr seçilir və məftillərə bağlanır. Buna “yaşıl bağlama” deyirlər.
Bölgədə yazdan bəri havaların yağıntılı keçməsi bir sıra xəstəliklərə səbəb olub. Bu xəstəliklərə qarşı tədbir görülməsə, məhsuldarlıq aşağı düşə bilər.
Dərmanlama demək olar ki, məhsul yığımına 1 ay qalana kimi davam edir. Bağ sahiblərinin bu il də qarşılaşdığı “mildiu” xəstəliyi bəzən geniş yayılır. Xəstəlik üzüm salxımı yeni çiçəklədiyi dövrdən başlayır və salxımı məhv edir. Aqro-texniki qulluq edilməsə sahəyə ciddi zərbə vura bilir. Bu xəstəlik üzümlüklər üçün böyük təhlükədir. “Mildiu” xəstəliyi tənəyin bütün yaşıl orqanlarını zədələyir, məhsuldarlığı kəskin şəkildə aşağı salır, hətta bəzi illərdə tənəyi də məhv edə bilir. İlkin əlamətləri yarpaqlarda sarı-yağlı ləkələrin meydana çıxması, sonra isə yarpağın alt hissəsində ağ unlu təbəqənin yaranmasıdır. Yoluxmuş hissələr quruyur, yoluxma çox güclü olduqda isə yarpaqlar tökülür. Qönçələrdə, çiçəklərdə və təzə əmələ gələn gilələrdə unlu örtük yaranır, sonra qonurlaşma gedir və quruyur. Daha iri gilələrdə ağ unlu örtük olmur, gilələr qırışır, quruyur, tədricən tökülür.
“Mildiu” ilə sirayətlənən salxımlarda gilə qalmır. Onun da dərmanı var. Hazırda bu sahə dərmanlanıb deyə, xəstəliyin qarşısı alınıb. Yəqin ki, bundan sonra “odium” deyilən xəstəlik də müşahidə ediləcək. Onun da qarşısını almağa çalışacağıq”, - deyə fermer Məhəmməd İsmayılov bildirib.
Fermerlər son vaxtlar süfrə üzüm sortlarına daha çox maraq göstərirlər. Onlar daha çox məhsuldar sort üzüm becərməyə üstünlük verirlər. Fermer Alı Aliyev də onlardan biridir: “Üzüm sahəsinə yaxşı qulluq edirik. Dərmanlardan vaxtlı-vaxtında istifadə etdiyimiz üçün xəstəliklərin də qarşısını ala bilirik. Hazırda biz ilk növbədə yerə əyilən budaqları məftillərə bağlayırıq. Lazımsız budaqları qoparırıq. Dərmanı axşam və ya səhər saatlarında vururuq ki, effektiv olsun. Günün isti saatlarında dərman vuranda üzümün meyvəsinə ziyan vura bilər. Bir sözlə, üzüm bağı olan fermer işini düzgün qurmalıdır. İnşallah, bu il yaxşı məhsul gözləyirik”.
Hazırda rayonda 496,4 hektar üzüm plantasiyası mövcuddur ki, onun da hektar yarımı bu il salınıb.