ELM VƏ TƏHSİL


Uzun illərdir istismar olunan kəhrizlər gələcək nəsillərə işlək vəziyyətdə təhvil verilməlidir

Bakı, 11 may, AZƏRTAC

BMT ekspertlərinin proqnozlarına görə, XXI əsrin sonlarında bəşəriyyət su qıtlığı ilə bağlı ekoloji fəlakətlərlə qarşılaşacaq. Yer kürəsinin müəyyən regionlarında yaşayan insanlar içməli su və torpaqların deqradasiyası problemlərinin həlli uğrunda mübarizə aparmalı olacaqlar.

Bu problemlərin qismən də olsa həlli üçün ölkəmizdə içməli su mənbəyi olan kəhrizlərimiz mühafizə edilməli, torpaqlarımız kimyəvi çirklənmə, təkrar şorlaşma və digər təsirlərdən qorunmalıdır. Ata-babalardan bizə miras qalan, uzun illərdir istismar olunan kəhrizlər gələcək nəsillərə işlək vəziyyətdə təhvil verilməlidir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA-nın müxbir üzvü, aqrar elmlər doktoru, professor Əlövsət Quliyevin yenicə çapdan çıxmış “Azərbaycan kəhrizləri” monoqrafiyasında yer alıb. Monoqrafiya bu sahədə yazılan ilk tədqiqat əsəridir.

Kəhriz haqqında etnoqrafik materiallar, onların adları ilə bağlı çoxsaylı onomastik vahidlər tarixçilər və etnoqraflar tərəfindən davamlı şəkildə tədqiq edilib və alınmış nəticələr çap olunub. Lakin kəhriz sistemlərinin araşdırılması tədqiqatçıdan mühəndis-hidrotexnik, hidroloq, hidrogeoloq, geoloq və digər aidiyyəti peşələri bilməklə yanaşı, texniki məlumatları da ümumiləşdirməyi tələb edir. Professor Əlövsət Quliyevin yeni kitabında qədim su mədəniyyəti abidələrimiz olan kəhrizlərdən, onların qazılma texnologiyasından, qazma alətlərindən, iş rejimindən, dünyanın digər ölkələrindəki kəhrizlərdən, onların mövcud vəziyyətindən, kəhrizlərin su sərfindən, suyun kimyəvi tərkibindən, coğrafi koordinatlarından, kəhrizlər üzərindəki tarixi abidələrdən bəhs olunur. Azərbaycanın ayrı-ayrı bölgələrində kəhriz sistemlərinin quruluşu, qazılma tarixi, kəhrizlərin təsir zonasında olan sahələr, suların keyfiyyəti və sərfi haqqında məlumatlar da monoqrafiyada öz əksini tapıb.

Kəhrizlər Azərbaycanda su və həyat mənbəyi kimi böyük əhəmiyyət kəsb edir. Onlar Azərbaycanın suvarma-tikinti mədəniyyətinin qədim nümunələridir. Kəhrizlərdə Azərbaycan tarixinin izləri yaşamaqdadır. Deməli, kəhrizləri tədqiq etmək Azərbaycan tarixini və mədəniyyətini öyrənmək baxımından da çox önəmlidir. Kəhrizləri öyrənmək kənd təsərrüfatı elminin mühüm tədqiqat obyektlərindən biridir. Bu, konkret mənada regionu, geniş anlamda isə ölkəni tədqiq etmək üçün əhəmiyyətlidir. Bir çox tarixi həqiqətləri aşkara çıxarmaqda kəhriz amili açar funksiyasını yerinə yetirə bilər. Azərbaycanda kəhriz tədqiqatı ölkənin tarixini, coğrafiyasını, iqtisadiyyatını, kənd təsərrüfatını, inşaat mədəniyyətini və etnoqrafiyasını daha əsaslı şəkildə öyrənmək zərurətindən meydana çıxıb.

Professor Əlövsət Quliyevin “Azərbaycan kəhrizləri” monoqrafiyası mühəndis hidrotexniklər, hidrogeoloqlar, ekoloqlar, təbii sərvətlərimizin mühafizəsi ilə məşğul olan mütəxəssislər, ali məktəb tələbələri, aidiyyəti sazişlər üzrə elmi iş aparan tədqiqatçılar üçün nəzərdə tutulur.

Qeyd edək ki, professor Əlövsət Quliyev Naxçıvan MR-də və Azərbaycanın digər bölgələrində kəhrizləri tədqiq edib (1976-2018), müxtəlif vaxtlarda İranda (Yəzd vilayətində, Təbrizdə), Türkiyədə, Qazaxıstan Elmlər Akademiyasının rəsmi dəvəti ilə Türküstan şəhəri yaxınlığında qədim “Şauran” (Şavran), “Otrar”, “Mitrobe” şəhər qalaları ətrafında yayılmış kəhrizlərin tədqiqində məsləhətçi kimi iştirak edib. Həmçinin Türkmənistan Elmlər Akademiyasının Etnoqrafiya İnstitutunun dəvəti ilə Aşqabad şəhərində, səhra rayonlarında istifadə olunan “suyunun damlası bir qızıla bərabər” kəhrizləri öyrənib. Mərakeşdə, habelə Özbəkistan Elmlər Akademiyasının dəvəti ilə beynəlxalq ekspedisiyanın heyətində Nəvai vilayətinin Nurata şəhəri yaxınlığında iki min il öncə Makedoniyalı İsgəndərin inşa etdirdiyi müdafiə qalasının altından keçən “Beşpəncə” kəhrizi üzərində tədqiqatlar aparıb. Böyük İpək Yolu üzərində olan ərazilərdə 4 minillik tarixi olan kəhrizləri, su quyularını, ovdanları, bulaqları və s. araşdırıb. Professor Əlövsət Quliyev UNESCO-nun “qədim hidravlik sistemlər-kəhrizlər” üzrə dövlətlərarası idarə heyətinin, habelə bir sıra beynəlxalq jurnalların redaksiya heyətinin üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.