ELM VƏ TƏHSİL
“Üzvi kimyanın qeyri-adi reaksiyaları” kitabı çapdan çıxıb
Bakı, 17 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusuf Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) direktoru, akademik Vaqif Abbasov və onun kimya elmləri doktoru Söhrab İsmayılovun müəllifi olduqları “Üzvi kimyanın qeyri-adi reaksiyaları” kitabı çapdan çıxıb.
NKPİ-dən AZƏRTAC-a bildiriblər ki, nəşrdə müvafiq sahədə verilmiş elmi baxışlar, yanaşmalar tələbələr, magistrlər, doktorantlar və kimya müəllimləri üçün əhəmiyyətlidir.
Kitabda əsas üstünlük mövcud anomal reaksiyaların mexanizminin izahına verilib. Belə ki, reaksiyanın həqiqətə uyğun mexanizmini mərhələlərlə dərk etmədən onun uyğun gedişi üçün optimal şəraitin tapılması da sual altında olacaq. Məsələn, tələbə bilməlidir ki, mürəkkəb efirin üzvi turşu və spirtdən sintezi üçün mütləq turş mühit (pH<7) olmalıdır ki, hidroksonium ionu əmələ gələ bilsin. İkincisi, qarışıq qızdırılaraq ayrılan su mühitdən kənarlaşdırılmalıdır ki, reaksiyanın tarazlığı efir alınması istiqamətində pozulsun. Nəşrdə bu və buna bənzər yanaşmalarla bağlı şərhlər verilib.
Nəşrdəki anomal reaksiyalar barəsində elmi baxışlar tələbələrdə bu elmin nailiyyətlərinə şübhə yaratmayacaq. Əksinə, onların bilik səviyyəsini, təfəkkür dairəsini daha da artıracaq və gələcəkdə mükəmməl kimyaçı kimi yetişmələrində əsas stimullardan biri və həm də başlıcası olacaq.