İQTİSADİYYAT
VAHİD ƏLƏKBƏROV: RUSİYA ŞİRKƏTLƏRİ ÜÇÜN AZƏRBAYCANDA ƏLVERİŞLİ SƏRMAYƏ ŞƏRAİTİ VAR
“LUKoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərovun fikrincə, Rusiya şirkətləri üçün Azərbaycanda əlverişli sərmayə şəraiti yaradılmışdır. Buna Azərbaycan hökuməti kömək etmişdir. Odur ki, Rusiya sərmayəçiləri Azərbaycanda öz işləri sarıdan narahat olmaya bilərlər. AZƏRTAC-ın Moskvadan aldığı xəbərə görə, o, İTAR-TASS-ın müxbiri ilə müsahibəsində qeyd etmişdir ki, “LUKoyl” Azərbaycanda iri operatordur və respublikanın ərazisində üç geoloji kəşfiyyat layihəsi həyata keçirir.
V.Ələkbərov demişdir ki, “LUKoyl”un ən iri layihəsi D-222 layihəsidir. Burada kapitalın 80 faizi “LUKoyl”a, 20 faizi ARDNŞ-ə məxsusdur. “LUKoyl” iyunda bu layihədə ilk quyunun qazılmasına başlayacaqdır. Onun Azərbaycanda digər iri layihəsi “Şahdəniz” blokundakı yataqdır. Bu layihədə “LUKoyl” İtaliyanın “Acip” şirkəti ilə birlikdə 10 faiz iştirak payına malikdir. “LUKoyl”un Azərbaycanda üçüncü layihəsi “Hövsan”dır. O bildirmişdir ki, şirkət ARDNŞ-lə birlikdə digər yataqlarda da iştirak etməyin mümkünlüyünü nəzərdən keçirir.