SİYASƏT
VALENTİNA TEREŞKOVA: HEYDƏR ƏLİYEV BÖYÜK, TƏKRAROLUNMAZ İNSAN İDİ
İlk qadın kosmonavt, Sovet İttifaqı Qəhrəmanı Valentina Tereşkova Prezident Heydər Əliyevin vəfatı ilə əlaqədar başsağlığı vermişdir. Ölkəmizin Moskvadakı səfirliyində Heydər Əliyevin portreti önünə gül-çiçək dəstəsi qoyan və Matəm kitabına ürək sözlərini yazan V.Tereşkova AZƏRTAC-ın müxbirinə demişdir ki, bu böyük və təkrarolunmaz insanla şəxsən tanış idim. Heydər Əliyevin xatirəsini anmağa və bu acı itki ilə, ağır itki ilə əlaqədar bütün Azərbaycan xalqına, onun doğmalarına və yaxınlarına başsağlığı verməyə gəlməyə bilməzdim. Mən, həqiqətən, Heydər Əliyeviçi çox yaxşı tanıyırdım və onun vəfatı mənim üçün də yaxın və doğma adamın itkisidir. O, böyük dövlət xadimi və öz xalqının, sözün əsl mənasında, şanlı oğlu idi, ona görə də biz Azərbaycan xalqı ilə birgə kədərlənirik.
V.Tereşkova Matəm kitabında bu sözləri yazmışdır: ”Ölkəmizin inkişafına, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə böyük töhfə vermiş istedadlı siyasətçi, böyük dövlət xadimi, gözəl insan Heydər Əliyevin nurlu siması Rusiya xalqının xatirəsində yaşayacaqdır”.