SİYASƏT
VALTER ŞVİMMERİN AZƏRBAYCANA SƏFƏRİNİN YEKUNLARINA HƏSR OLUNMUŞ MƏTBUAT KONFRANSI
V.Şvimmer iki günlük səfərinin yekunlarından danışaraq, Bakıda keçirilmiş görüşlərin nəticələrindən razı qaldığını bildirdi. O xatırlatdı ki, Azərbaycan artıq üç ildən çoxdur Avropa Şurasının tamhüquqlu üzvüdür və bu qısa müddət ərzində mövcud olan bir çox çətinliklər aradan qaldırılmışdır. Azərbaycanın bu təşkilat qarşısında üzərinə götürdüyü öhdəlikləri uğurla yerinə yetirdiyini vurğulayan V.Şvimmer bildirdi ki, ötən dövr ərzində Avropa Şurasının əsas sənədlərinin çoxu ratifikasiya olunmuşdur. Qonaq Prezident İlham Əliyevin imzaladığı amnistiya haqqında son iki Fərmanı da yüksək qiymətləndirərək dedi ki, Avropa Şurasının rəhbərliyi Azərbaycan rəhbərliyinin bu cür xoşməramlı tədbirlərini alqışlayır.
Valter Şvimmer bildirdi ki, budəfəki səfər zamanı müzakirə olunan əsas mövzulardan biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. O dedi: “Dağlıq Qarabağ problemi təkcə Azərbaycanın, Ermənistanın və ya Cənubi Qafqaz regionunun problemi deyil, bu, həm də bütün Avropanın problemidir”. V.Şvimmer nəzərə çarpdırdı ki, şəxsən o, “dondurulmuş münaqişə” termininin əleyhinədir və Ermənistan-Azərbaycan münaqişəsi tezliklə dinc dialoq yolu ilə həll olunmalıdır.
Baş katib vurğuladı ki, münaqişənin nəticələrini hər gün yüz minlərlə məcburi köçkün öz üzərində hiss edir və mən, ilk növbədə, onların tezliklə doğma ocaqlarına qayıtmasına tərəfdaram. Avropa Şurası münaqişədə iştirak edən tərəflərə istənilən hüquqi və məsləhətlə yardım göstərməyə hazırdır. Avropa Şurası ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləmək üçün əlindən gələni edir.
O, Qərbi Avropada, o cümlədən Almaniya ilə Fransa, habelə İtaliya ilə Avstriya arasında mübahisəli məsələlərin uğurla həll edilməsini münaqişələrin dinc yolla nizama salınmasına misal göstərdi.
Milli Məclisin sədri Murtuz Ələsgərov Avropa Şurası baş katibinin səfərindən və keçirdiyi görüşlərin yekunlarından razı qaldığını bildirdi.
M.Ələsgərov Azərbaycanın Avropaya inteqrasiyası mövzusuna toxunaraq dedi ki, keçən prezident seçkiləri respublika rəhbərliyinin demokratiya prinsiplərinə tərəfdar olduğunu bir daha təsdiq etdi. Azərbaycanın seçki qanununu təkcə yerli ekspertlər deyil, həm də beynəlxalq təşkilatların nümayəndələri yüksək qiymətləndirmişlər və 15 oktyabr seçkiləri Azərbaycanın tarixində ən demokratik seçkilər olmuşdur.