“VAOL” nəşri: Macarıstan Azərbaycanla əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə çatdırıb
AzerTAg.az

Budapeşt, 31 yanvar, AZƏRTAC
Macarıstanın nüfuzlu “Vas vármegyei hírportál” (VAOL) nəşri “Viktor Orban: Azərbaycan Avropanın enerji təchizatı üçün əsas ölkədir” sərlövhəli material dərc edib.
AZƏRTAC xəbər verir ki, materialda Macarıstanın Baş naziri Viktor Orbanın bazar ertəsi Prezident İlham Əliyev ilə görüşündə dediyi “Macarıstan Azərbaycanla əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb” sözlər sitat gətirilir.
Həmçinin qeyd olunur ki, mətbuat üçün birgə bəyanatda macarıstanlı Baş nazir ikitərəfli əməkdaşlığın yüksək səviyyəsini qeyd edib, çünki hər iki ölkə təkcə Avropanın deyil, dünyanın Avropa ilə bağlı olan regionlarının da risklə dolu dövrə qədəm qoyduqlarını dərk edir. Hökumət başçısının sözlərinə görə, hazırkı görüş əvvəlki görüşlərdən onunla fərqlənir ki, beynəlxalq münasibətlər heç vaxt indiki kimi mürəkkəb olmayıb.
Baş nazir qeyd edib ki, Prezidentlə on il bundan öncəki təcrübələri haqqında danışıblar. O zaman hər iki ölkə artıq onun üzərində çalışırdı ki, Azərbaycandan enerji Avropaya nəql edilsin.
V.Orbanın sözlərinə görə, qonşu ölkədə müharibə və Brüsselin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Macarıstan üçün də problemlər yaradıb. Ölkənin, eləcə də Avropanın enerji təhlükəsizliyi həssas məqama qədəm qoyub. Bu, ona gətirib çıxardı ki, Azərbaycan Avropa tərəfindən tərəfdaş kimi yenidən öyrənilməyə başlandı.
“Azərbaycan hər zaman bizim dostumuz olub, indi isə o, bütün Avropa üçün strateji tərəfdaş olan ölkədir”, - deyə Baş nazir sözlərinə əlavə edib.
O vurğulayıb ki, baş verən vəziyyətin yeganə həll yolunun şaxələndirmə olduğunu hamı bilir: mümkün qədər daha çox mənbə və marşrutlardan Avropaya enerji tədarük etmək.
Baş nazir NABUKKO layihəsinə də toxunub: “Yadımızdadır, o vaxt Avropaya enerji çatdırılması üçün bu dəhlizin layihəsi dayandırılmışdı. Lakin indiki vəziyyətdə görünür ki, şaxələndirmənin daha real ssenarisi Azərbaycanda istehsal olunan enerjinin Avropaya nəqlidir. Buna görə də Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın tərəfdarlığı və töhfəsi yüksək dəyərləndirilir”.
Materialda Azərbaycandan Avropaya nəql olunan təbii qaz həcminin 2027-ci ilə qədər iki dəfə artması barədə saziş və Azərbaycandan Avropaya elektrik enerjisi tədarükü barədə saziş qeyd olunur. Həm təbii qaz, həm elektrik enerjisi Azərbaycandan tranzitlə Macarıstan vasitəsilə keçəcək. Buna görə də Macarıstan bu məsələdə uduşlu vəziyyətdə olmaq arzusundadır. O deyib: “Biz şadıq ki, Macarıstan həll yolunun - problemin deyil, həll yolunun tərkib hissəsi olacaqdır”. Onun sözlərinə görə, bundan sonra Bolqarıstan, Rumıniya, Macarıstan və ya Slovakiya ilə energetika sahəsində əməkdaşlıq regional deyil, ümumavropa məsələsi olacaq. Çünki bütün Avropanın enerji təchizatı bu ölkələrdən keçəcək. Ona görə də məhz bu ölkələr Avropa Komissiyasından müvafiq dəstəyi gözləyirlər.
Materialda daha sonra Prezident İlham Əliyevin cavab nitqi barədə danışılır, onun enerji təhlükəsizliyinin prioritet məsələ olması barədə dediyi sözlər misal çəkilir. Yaxın 100 ildə Avropanın tələbatını ödəməkdən ötrü Azərbaycan kifayət qədər enerji ehtiyatlarına sahibdir. Macarıstan ilə Azərbaycan arasında çoxillik əməkdaşlıq hər iki ölkəyə, eləcə də bütün Avropaya qarşılıqlı fayda gətirdi. Prezident İlham Əliyev xatırladıb ki, iki ölkə energetika sahəsində əməkdaşlıq üçün möhkəm təməlin yaradılması üzərində uzun müddət işləyiblər. Azərbaycan və Macarıstan arasında təhsil və nəqliyyat kimi digər sahələrdə də gözəl münasibətlər mövcuddur. Materialda ölkənin Baş nazirinin Azərbaycan Prezidenti tərəfindən rəsmi səfərə dəvət olunması barədə də deyilir.
Nəşrdə Macarıstan ilə Azərbaycan energetika, kənd təsərrüfatı, kosmik tədqiqatlar, miqrasiya sahələrində əməkdaşlığa dair razılaşmaların, Strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması barədə xəbər verilir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
Xəbərin mətnində orfoqrafik səhv var