SİYASƏT
VARŞAVADAKI AZƏRBAYCAN DİASPORU ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN XATİRƏ GÜNÜNÜ KEÇİRMİŞDİR
Polşa–Azərbaycan Mədəniyyət Cəmiyyəti ümummilli liderimiz Heydər Əliyevin xatirə gününü keçirmişdir. Polşadakı Azərbaycan informasiya mərkəzindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, cəmiyyətin başçısı Rövşən Hüseynov tədbirdə çıxış edərək, görkəmli siyasi xadim Heydər Əliyevin həyat yolu və müstəqil Azərbaycan dövlətinin təşəkkülündə müstəsna rolu barədə Azərbaycan diasporunun və bu ölkənin müxtəlif dövlət və ictimai təşkilatlarının nümayəndələrinə məlumat vermişdir.
Mərkəzdən demişlər ki, bu günlərdə Varşavadakı Azərbaycan diasporunun üzvləri, ilk dəfə olaraq, Robert Şuman adına bayram paradında iştirak etmişlər. Builki parad Polşanın Avropa Birliyinə qəbul edilməsinə həsr olunmuşdu. Yürüş başa çatdıqdan sonra “Azərbaycan Avropa Birliyinə gedən yolda” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Tədbirdə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin, Türkiyənin Polşadakı səfirliyinin nümayəndələri, Polşa KİV-lərinin təmsilçiləri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr və magistrantlar iştirak etmişlər.