SİYASƏT
VAŞİNQTONDA AVRASİYA NEFT NƏQLİ DƏHLİZİ YARADILMASINA DAİR İCLAS BAŞLANMIŞDIR
İkigünlük iclasın gündəliyindəki əsas məsələ Xəzər neftinin Avropa ölkələrinə göndərilməsi üçün Ukraynanın Odessa-Brodı boru kəmərindən istifadə edilməsi mümkülüyünün müzakirə olunması ilə bağlıdır. Danışıqlarda Ukrayna nümayəndə heyətinə Baş nazirin müavini Andrey Klyuyev başçılıq edir.
Xatırladaq ki, uzunluğu 674 kilometr və buraxılış gücü ildə 9-14,5 milyon ton olan Odessa-Brodı boru kəmərinin tikintisini Ukrayna 2001-ci ildə başa çatdırsa da, o, indiyədək işləmir. Gözlənildiyinə görə, gələcəkdə neft kəmərinin gücü artırılıb, ildə 40-45 milyon tona çatdırılacaqdır. Bu kəmərlə bir ton neftin nəqlinin dəyəri 5,2 dollar olacaqdır. O, əvvəlcə Xəzər regionu neftinin Avropaya göndərilməsi üçün nəzərdə tutulmuşdu. Bundan ötrü xammal Tengiz-Novorossiysk və ya Bakı-Supsa boru kəmərləri ilə nəql edilməli, sonra isə tankerlərlə Odessadakı terminala çatdırılmalıdır.