VAŞİNQTON SƏDDAM HÜSEYNİN OĞULLARININ CƏSƏDLƏRİ İLƏ NƏ EDƏCƏYİNİ BİLMİR
AzerTAg.az
AZƏRTAC xarici agentliklərə istinadla xəbər verir ki, Vaşinqton İraqda yeni problemlə üzləşmişdir: Səddam Hüseynin oğullarının cəsədləri ilə nə edəcəyini bilmir. ABŞ-ın rəsmi şəxsləri bildirmişlər ki, Udeyin və Kuseyin cəsədləri Bağdad hava limanındakı soyuducu qurğularda saxlanılır və ailə üzvlərindən kimsə onları götürməyincə orada qalacaqlar. Əvvəllər Pentaqonun nümayəndələri bəyan etmişdilər ki, cəsədlər İraqdan kənarda yandırılacaq və külü havaya sovrulacaqdır. Lakin müsəlman dəfn adətinə zidd olduğu üçün Vaşinqton bunun müsəlman dünyasında qəzəb doğuracağından qorxur. Odur ki, ABŞ-ın buradakı müvəqqəti hakimiyyət orqanlarının nümayəndələri İraqın hakim şurası ilə bu barədə danışıqlar aparırlar.
Pentaqon nümayəndələrinin sözlərinə görə, öldürülənlərin əzələ və ilik toxumalarının nümunələri DNT analizi aparmaq üçün Vaşinqtondakı hərbi laboratoriyaya göndərilmişdir. Patoloqoanatomlar 4-6 həftə ərzində Udeyin və Kuseyin ölümü barədə rəsmi rəy verməlidirlər.
Xəbərin mətnində orfoqrafik səhv var