CƏMİYYƏT
VƏTƏNDAŞLARDAN NARKOTİK MADDƏLƏR GÖTÜRÜLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakini Musarza Şükürovdan 0,290 qram heroin götürülmüşdür. Onun mənzilinə baxış zamanı əlavə 4,361 qram heroin aşkarlanmışdır.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları Bakı şəhər sakinləri Asif Dadaşovdan 0,230 qram, Rüfət Sultanovdan 0,254 qram, Yasamal Rayon Polis İdarəsi 27-ci bölməsinin əməkdaşları Telman Talıbovdan 0,213 qram heroin, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları əvvəllər məhkum olunmuş Nemət Həsənovdan 51,27 qram marixuana, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları isə Cabir Müseyibovdan 17,16 qram marixuana müsadirə etmişlər.
Nərimanov Rayon Polis İdarəsi 16-cı bölməsinin əməkdaşları Bakı şəhər sakini Mütail Alışovdan 1,69 qram həşiş tutmuşlar. Narkotik vasitəni ona satmış qonşusu Eldar Hüseynbəyov da həbs edilmişdir.
Faktlarla bağlı cinayət işi açılmışdır.