ELM VƏ TƏHSİL
“VƏTƏN DİLİ” DƏRSLİYİNİN 125 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ-PRAKTİKİ KONFRANS
AZƏRTAC xəbər verir ki, mayın 30-da Azərbaycan Beynəlxalq Universitetində (ABU) bu ali məktəbin, Təhsil Nazirliyinin və Rusiya Təhsil Akademiyasının (RTA) birgə təşkilatçılığı ilə “Vətən dili” dərsliyinin 125 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.
Təhsil nazirinin müavini İsgəndər İsgəndərov, ABU-nun rektoru, hüquq elmləri doktoru Elşad Abdullayev çıxış edərək bildirmişlər ki, bu il A.O.Çernyayevskinin “Vətən dili” kitabının (I hissə) nəşrinin 125 ili tamam olur. Natiqlər vurğulamışlar ki, bu mühüm tarixi hadisə ilə əlaqədar unudulmaz maarifçinin pedaqoji irsinə nəzər salınmış, onun kitabının I hissəsi RTA-nın əcnəbi üzvü, akademik Hüseyn Əhmədov tərəfindən transliterasiya və faksimile (ilk nəşrin formasını dəyişmədən) edilmişdir. Kitab təhsil işçiləri, ibtidai məktəb müəllimləri, tələbələr, ümumiyyətlə pedaqogika elmi ilə maraqlananlar üçün faydalıdır.
Məruzə ilə çıxış edən akademik H.Əhmədov qeyd etmişdir ki, A.O.Çernyayevskinin ən layiqli işlərindən biri Azərbaycanda elm, təhsil və mədəniyyətin inkişafında Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin təşkilində və bizim tələbələrin ora cəlb edilməsində göstərdiyi cəsarətli fəaliyyətidir. Onun bilavasitə köməyi ilə bu tədris müəssisəsində Azərbaycan müəllim kadrlarının ilk və böyük bir dəstəsi yetişmişdir.
Natiq bildirmişdir ki, kitabı hazırlamaqda əsas məqsədi böyük maarifçi, rus və Azərbaycan xalqları arasında dostluğun yorulmaz carçısı olan A.O.Çernyayevskinin tarixi xidmətlərini bir daha nəzərə çatdırmaqdır. Digər bir məqsəd isə bu gün birinci siniflər üçün “Əlifba” kitabını hazırlayan müəlliflərimizin məhz A.O.Çernyayevskinin “Vətən dili” kitabından, onun mütərəqqi cəhətlərindən, tərtibi prinsiplərindən bəhrələnməsinə nail olmaqdır.
Tədbirdə Rusiyanın ölkəmizdəki səfiri V.İstratov, RTA-nın prezidenti, akademik N.Nikandrov, RTA-nın həqiqi üzvü V.Razumovski, Belçikanın “Qand” Universitetinin professoru Nels Dö Pao, Belçika Ali Məhkəməsinin müşaviri Monan Fransin və başqaları çıxış etmişlər. Onlar H.Əhmədovun bu işini maarifçi A.O.Çernyayevskinin pedaqoji irsinə hörmət əlaməti kimi qiymətləndirmişlər. Natiqlər peşəkar alim əqidəsindən doğan bu missiyanı reallaşdırdığına görə H.Əhmədova minnətdarlıqlarını bildirmiş, apardığı davamlı, ardıcıl tədqiqatlarında qocaman pedaqoqa uğurlar arzulamışlar.
Rusiya Təhsil Nazirliyi və RTA H.Əhmədovu Fəxri fərman və K.D.Uşinski adına medalla təltif etmişlər.
Bölmə iclaslarında işini davam etdirən konfrans mayın 31-də başa çatacaqdır.