DÜNYA
VATİKAN İKİNCİ DÜNYA MÜHARİBƏSİ DÖVRÜNÜN MƏXFİ MATERİALLARINI AÇIQLAYIR
Sənədlərdən əlavə, 10 milyona yaxın məktub da dərc olunacaqdır. Bunlar itkin düşənlərin axtarışına kömək etmək xahişi ilə Roma Papasına ünvanlanmış müraciət məktublarıdır. Sənədlər 1939-1947-ci illərə aiddir.
Vatikanın bəyanatında deyilir ki, sənədlər Papa XII Piyin dövründə həyata keçirilən xeyriyyəçilik tədbirlərindən və ictimai işlərdən xəbər verir. Xatırladaq ki, Papa XII Piy faşizmin törətdiyi cinayətlərin üstündən sükutla keçməkdə təqsirləndirilmişdir.
Piyin tənqidçilərinin fikrincə, o, İtaliya ərazisində yəhudilərə qarşı cinayətlərə rəvac vermişdir. Riy onların xilası üçün heç nə etməmişdir.
Katolik kilsəsinin müharibə illərindəki fəaliyyəti tarixçilər arasında mübahisəyə səbəb olmuşdur. Çoxları kilsənin və pontifikin xeyrinə bir sıra dəlillər irəli sürmüşlər. Vatikanın Avropada nümayəndəliklərinin açılması onun xidmətlərindən biri kimi vurğulanır. Bu nümayəndəliklər müharibə dövründə itkin düşmüş adamların axtarışına kömək etmişlər.
Sənədlər kitablar, videokassetlər və disklər şəklində buraxılacaqdır. Disklərdə sənədlərdən əlavə, 2,1 milyon əsirin adları da olacaqdır.