İQTİSADİYYAT
“VECON CONSULTING” şirkəti Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olub
Bakı, 8 oktyabr, AZƏRTAC
Sentyabrın 27-dən etibarən Ermənistanın hücumlarına əks-hücumlarla cavab verilməsi məqsədi daşıyan və işğal altında olan Azərbaycan torpaqlarının bir hissəsinin işğaldan azad edilməsi ilə nəticələnən və hazırda davam edən döyüşlər Azərbaycan vətəndaşlarının dövlətimiz və Ordumuz ətrafında daha sıx şəkildə birləşməsini, hər bir vətəndaşın bu istiqamətdə müqəddəs savaş naminə öz töhfəsini verməsini zəruri edib. Bu məqsədlə ölkəmizin qiymətləndirmə sektorunun aparıcı şirkətlərindən olan “VECON CONSULTING” Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna şirkət hesabından ianə köçürüb. “VECON CONSULTING” şirkəti, eyni zamanda, cəbhə bölgəsinə könüllü yardım edən şəxslərə və qruplara dəstək olub.
Bu barədə AZƏRTAC-a “VECON CONSULTING” şirkətinin rəhbəri, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavini Vüqar Oruc deyib. O, hər bir ölkə vətəndaşı kimi rəhbərlik etdiyi şirkətin və rəhbərliyində təmsil olunduğu AQC-nin də bu istiqamətdə praktiki addımlar atdığını bildirib. V.Oruc ianə və könüllü yardımlarla kifayətlənməyərək, təmsilçilərindən olduğu qiymətləndirmə sektorunun, burada birləşən şirkətlərin təmənnasız şəkildə və öz hesablarına sentyabrın 27-dən etibarən başlayan Vətən müharibəsində işğalçı Ermənistan tərəfinin beynəlxalq hüquq və konvensiyalara zidd şəkildə dinc əhalinin yaşayış obyektlərini müxtəlif növ silahlardan istifadə edərək yararsız vəziyyətə saldığı mülki obyekt və yaşayış evlərinə dəymiş zərərin qiymətləndirilməsinə hazır olduqlarını deyib.