İQTİSADİYYAT
VERGİLƏR NAZİRLİYİNDƏ İŞƏ QƏBULLA BAĞLI VERİLMİŞ SƏNƏDLƏRİN YOXLANMASI NOYABRIN 10-DƏK BAŞA ÇATDIRILACAQDIR
Sənədlərin qəbulu və vətəndaşların müraciətlərinə baxılması ilə əlaqədar vergilər nazirinin əmri ilə yaradılmış işçi qrup tərəfindən 850 vətəndaşa tələb olunan sənədlərin siyahısı, həmçinin ərizə, tərcümeyi-hal formaları və kadrların uçot vərəqəsi təqdim edilmişdir. Həmin şəxslərdən 818 nəfəri qeydiyyatdan keçmək üçün müvafiq sənədlərlə müraciət etmiş, onlardan 618 nəfəri qeydiyyatdan keçmişdir. 200 vətəndaşın müraciəti müxtəlif səbəblərdən – ali təhsilin olmaması və ya natamamlığı, əyani təhsil alması, ixtisasının uyğun gəlməməsi, yaş həddini keçməsi və s. kimi səbəblərlə bağlı qəbul edilməmişdir.
Təqdim edilən sənədlər noyabrın 10-dək yoxlanılacaq, müsabiqəyə buraxılacaq namizədlərin siyahısı təsdiq ediləcəkdir. Yoxlama dövründə sənədlərdə uyğunsuzluq və ya qəsdən təhrif olunmuş məlumatlar aşkar edilərsə, namizəd müsabiqəyə buraxılmayacaqdır.
Namizədlərin bilik səviyyəsinin, ümumi dünyagörüşünün, vergi orqanlarında xidmətə yararlı və layiqli olmasının müəyyən edilməsi üçün müsabiqə keçiriləcəkdir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.
Müsabiqədə iştirak etmək hüququ qazananlar üçün test imtahanı bu il noyabrın 26-da keçiriləcəkdir. Test imtahanında mümkün baldan ən azı 70 faizini toplamış namizəd növbəti mərhələyə - müsahibəyə buraxılacaqdır.
Vergilər Nazirliyində yaradılan müsabiqə komissiyası dekabrın 4-dən 8-dək test imtahanlarını uğurla başa vurmuş namizədlərlə müsahibə keçirəcəkdir. Müsahibə zamanı namizədin vergi qanunvericiliyi, iqtisadi siyasətlə bağlı digər normativ hüquqi aktları tətbiq etmək sahəsində biliyi və bacarıqları yoxlanacaqdır.
Müsabiqənin nəticələri namizədin imtahanda və müsahibədə topladığı keçid ballarının cəmlənməsi yolu ilə müəyyən edilir. Müsabiqənin nəticələri barədə kütləvi informasiya vasitələrində dekabrın 11-də məlumat veriləcəkdir.
Qeyd edək ki, Vergilər Nazirliyinin ərazi vergilər idarələrində hazırda 40-dək iş yeri boşdur.