İQTİSADİYYAT
VERGİLƏR NAZİRLİYİ İRİ VERGİÖDƏYİCİLƏRİ İLƏ İŞ DEPARTAMENTİNİN YENİ İNZİBATİ BİNASINI AÇMIŞDIR
AZƏRTAC xəbər verir ki, fevralın 9-da paytaxtın Heydər Əliyev prospektində Vergilər Nazirliyi İri Vergiödəyiciləri ilə İş Departamentinin yeni inzibati binasının açılışı olmuşdur. Açılış mərasimində nazirliyin rəhbərliyi, iri şirkətlərin, bir sıra səfirliklərin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin binanın foyesində qoyulmuş büstünün önünə tər çiçəklər düzmüşlər.
Departamentin rəisi Sahir Məmmədxanov yeni binada yaradılan şərait barədə məlumat verərək demişdir ki, burada iri vergiödəyiciləri haqqında geniş məlumat bazası yaradılmışdır. Onlar bu baza vasitəsilə öz fəaliyyətinin ötən və cari maliyyə göstəriciləri haqqında məlumat ala bilərlər. Yeni bina müasir avadanlıqla təmin olunmuşdur və vergi ödəyiciləri yaxın vaxtlarda elektron bəyannamələri doldurmağa başlayacaqlar.
Ümumi sahəsi 4500 kvadratmetr olan yeni binanın tikintisinə və avadanlıqla təchiz edilməsinə 1,2 milyon manat vəsait xərclənmişdir. Binada iş otaqları ilə yanaşı, idman və iclas salonları, yeməkxana da var.
Bina ilə tanışlıqdan sonra vergilər naziri Fazil Məmmədov jurnalistlərin suallarına cavab vermişdir. O demişdir ki, binadakı müasir avadanlıq departamentin əməkdaşları ilə vergi ödəyiciləri arasında birbaşa əlaqəni istisna edir.