İQTİSADİYYAT
VERGİLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması departamenti tərəfindən “ABA” teleşirkətində vergidən yayınma faktı üzrə başlanmış cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, Bakı şəhərində qeydiyyatsız yaşayan Estoniya vətəndaşı Kadilin Aleksandr Alekseyeviç “ABA” teleşirkətində qeyri-rəsmi olaraq reklam agenti işləyərkən, şirkətin maliyyə departamentinin direktoru Şamil Səfiyev və reklam departamentinin direktoru, sonra isə “Caspian Alliance” şirkətinin direktoru vəzifəsində çalışmış Vaqif Səfərovla, habelə digər şəxslərlə birlikdə vergidən yayınma məqsədi ilə bir sıra sənədlərin saxtalaşdırılmasında bilavasitə iştirak etmişdir. Belə ki, A.Kadilin Azərbaycan Respublikasında rəsmi qeydiyyatda olmayan “N.S.M.” firmasının guya “ABA” teleşirkətinə dəyəri 1,6 milyard manatdan artıq televiziya avadanlığı satdığı barədə mədaxil-məxaric və maliyyə sənədlərini saxtalaşdırmışdır.
İstintaq A.Kadilinin hərəkətlərində cinayət xarakterli əməllərin olduğuna əsaslanaraq, 2001-ci il avqustun 3-də onun tutulması barədə qərar vermişdir. Avqustun 4-də isə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində Yasamal rayon məhkəməsi tərəfindən həbs qəti imkan tədbiri seçilmişdir.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.