İQTİSADİYYAT


VERGİLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Vergilər Nazirliyinin mətbuat xidməti bildirir ki, Bakı şəhəri Binəqədi Rayon Vergilər İdarəsində qeydiyyatda olan “Yunbi” KM-nin ötən ildəki fəaliyyəti yoxlanılarkən nazirliyin Vergi ödəyicilərinin auditi baş idarəsi tərəfindən müəssisədə külli miqdarda – 170029,6 min manat vergilərin dövlət büdcəsindən yayındırılması faktı aşkar edilmişdir.

Vergi qanunvericiliyinin kobud surətdə pozulması faktı ilə bağlı 8 fevral 2002-ci ildə Azərbaycan Respublikası CM-nin 213.4-cü maddəsi ilə cinayət işi başlanaraq nazirliyin Vergi cinayətlərinin ibtidai araşdırılması departamenti tərəfindən təhqiqat aparılmışdır. Istintaqın gedişi zamanı məlum olmuşdur ki, “Yunbi” kiçik müəssisəsinin direktoru Marat Əfəndiyev əvvəlcədən bir qrup şəxslə əlbir olaraq vergi və icbari ödənişlərdən yayınmaq məqsədi ilə “STK quraşdırma”, “Tural-E”, “Els” LTD, “Güvəndik”, “İmar”, “İtera”, “Budaq”, “Hilal”, “Sem” və bu kimi başqa çoxsaylı firma və kiçik müəssisələr yaratmış, onların fəaliyyətinə rəhbərlik edərək külli miqdarda əlavə dəyər vergisi və digər icbari ödənişlərin büdcədən yayındırılmasına nail olmuşdur.

Bu firmaların mühasibat sənədləri dəfələrlə Marat Əfəndiyev və adları firmaların direktorları kimi rəsmiləşdirilmiş digər şəxslərdən tələb olunsa da həmin sənədlər müxtəlif bəhanələrlə istintaqa təqdim olunmamışdır.

“Yunbi” KM-nin yerləşdiyi ünvanda- Bakı şəhəri, S.Əsgərova küçəsi, 168-də departament tərəfindən keçirilən axtarış zamanı tavanla asma tavanın arasında gizlədilmiş saxta mühasibat sənədləri və firmanın real fəaliyyətini əks etdirən “qara mühasibatlıq” sənədləri əldə olunmuşdur.

Sənədlərin təhqiqi zamanı M.Əfəndiyevin faktiki rəhbərlik etdiyi firmalar tərəfindən milyardlarla manat dəyərində əməliyyatların keçirildiyinin sənədləşdirildiyi, bunun müqabilində külli miqdarda ƏDV-nin əvəzləşmə adı altında büdcəyə ödənilməkdən yayındırıldığı müəyyənləşdirilmişdir.

3 aprel 2002-ci il tarixdə Əfəndiyev Marat Sami oğlu iş üzrə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 213.4-cü maddəsi ilə ittiham elan olunmuş, həmçinin törətdiyi cinayətin ağırlığı nəzərə alınaraq, barəsində həbs qəti imkan tədbiri seçilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.