İQTİSADİYYAT
VERGİ MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİKLƏRƏ VƏ ƏLAVƏLƏRƏ HƏSR OLUNMUŞ MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Vergi siyasəti və Strateji Tədqiqatlar Baş İdarəsinin rəisi Akif Musayev, Operativ Nəzarət İdarəsinin rəisi Qabil Məmmədov bildirmişlər ki, Milli Məclisin müzakirəsinə 84 dəyişiklik və əlavə təqdim olunmuşdur. Onların bəzisi redaksiya xarakteri daşıyır, digərləri isə vergi siyasətinin və vergi idarəçiliyinin işinin təkmilləşdirilməsi, bir hissəsi isə vergi nəzarətinin səmərəsinin artırılması ilə əlaqədar olmuşdur. Ölkə parlamenti 68 əlavə və dəyişiklik qəbul etmişdir.
Bildirilmişdir ki, nəzarət kassa aparatlarından istifadə və alıcılara çeklərin verilməsi qaydalarını pozan sahibkarlar üçün cəza tədbirləri kəskinləşdirilmişdir. Məsələn, əvvəllər bu pozuntuya görə 77 manat məbləğində cərimə nəzərdə tutulurdusa, cari ildən bu qaydaların ilk dəfə pozulmasına görə 400 manat, ikinci dəfə 800 manat, üçüncü dəfə 1200 manat məbləğində cərimə ödəniləcəkdir.
Bu il yanvarın 1-dən Azərbaycanda mənzil tikintisi ilə məşğul olan şirkətlərin vergi sistemi dəyişdirilmişdir. Vergi Məcəlləsinə dəyişikliklərə qədər onlar əmlak və gəlir vergisi ödəyirdilərsə, cari ildən həmin şirkətlər sadələşdirilmiş vergi sisteminə keçirilmişlər. Onlar bir kvadratmetr üçün 10 manat ödəyəcəklər, tikintinin ərazisindən asılı olaraq əmsallar tətbiq ediləcəkdir.
Mətbuat konfransında bildirilmişdir ki, Vergilər Nazirliyi operativ vergi nəzarətinə dair genişmiqyaslı tədbirlər çərçivəsində təkcə son 5 ayda Bakıda ümumilikdə təxminən 3,5 manat məbləğində nəzarət-kassa aparatlarından istifadə qaydalarının pozulması aşkara çıxarılmışdır. Ötən il iyulun 24-dən paytaxtda nəzarət-kassa aparatlarından istifadə və alıcılara çeklərin verilməsini, başqa sözlə, əhali ilə nağd hesablaşmaların aparılması qaydalarına riayət olunmasını yoxlamaq üçün vergi reydləri keçirilir. Bu reydlər 160 min obyekti əhatə etmişdir ki, bunların da 37 minində pozuntu qeydə alınmışdır.