İQTİSADİYYAT
VERGİ ÖHDƏLİKLƏRİNİ VAXTINDA YERİNƏ YETİRMƏYƏNLƏR BARƏDƏ CİDDİ TƏDBİRLƏR GÖRÜLƏCƏKDİR
Vergi ödəyiciləri tərəfindən vergi orqanına qanunla müəyyən edilmiş müddətdə vergi bəyannaməsinin təqdim edilməsi və həmin müddətdə vergilərin dövlət büdcəsinə ödənilməsi vergi ödəyicisinin əsas vəzifələrinə aiddir. Bununla əlaqədar olaraq, vergi bəyannaməsini təqdim edərkən bu bəyannamə ilə yaranan, eyni zamanda digər vergi öhdəliklərinin qanunla müəyyən edilmiş müddətdə ödənilməsi də hər bir vergi ödəyicisinin borcudur.
Ötən hesabat dövrlərinin təcrübəsi göstərir ki, vergi öhdəliklərinin yerinə yetirilməsi müddəti başa çatdıqdan sonra borclu vergi ödəyicilərinin sayı və ödənilən vergi borclarının məbləğində artım müşahidə olunur. Lakin bir sıra iş adamları vergi öhdəliklərinin yerinə yetirilməsinə kifayət qədər məsuliyyətlə yanaşmırlar. Bu isə cərimə və sanksiyaların tətbiqi ilə nəticələnir.
Vergi ödəyicilərinin nəzərinə çatdırılır ki, vergi öhdəliklərinin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə yerinə yetirilməməsi Vergi Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinin müvafiq müddəalarına əsasən cərimə və sanksiyaların tətbiqinə səbəb olacaqdır. Vergilər Nazirliyi xəbərdarlıq edir ki, qanunvericiliyin pozulması hallarına yol verildiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulan tədbirlər bütün sərtliyi ilə tətbiq olunacaqdır.
Vergi öhdəliklərinin yerinə yetirilmə müddətləri barədə bütün məlumatları 195 saylı pulsuz telefon-məlumat xidmətindən, yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət şöbələrindən və yaxud Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən əldə etmək olar.