CƏMİYYƏT
“VFS Global”, Elektron Hökumətin İnkişafı Mərkəzi və İnnovasiyalar Mərkəzi Anlaşma Memorandumu imzalayıblar
Bakı, 19 sentyabr, AZƏRTAC
Sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi, “İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti və “VFS Global” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “VFS Global”ın müxtəlif ölkələrə viza, pasport və müxtəlif vətəndaş xidmətləri göstərən ən böyük şirkət olduğunu qeyd edib. Agentliyin sədri bildirib ki, dünyanın 147 ölkəsində 3093 viza müraciəti mərkəzinə malik olan “VFS Global” indiyədək 203 milyondan çox viza müraciətini qəbul edib.
Ülvi Mehdiyevin sözlərinə görə, memorandum “VFS Global” şirkətinin geniş əhatə dairəsi və imkanlarından istifadə etməklə “ASAN xidmət” modelinin və elektron hökumət sahəsində Azərbaycanda yaradılmış elektron həllərin şirkətin fəaliyyət göstərdiyi ölkələrdə tətbiqi, təbliği və inkişaf etdirilməsi üzrə əməkdaşlığı nəzərdə tutur.
“VFS Global” şirkətinin əməliyyatlar üzrə baş direktoru Sen Prabuddha memorandumun imzalanmasından məmnunluğunu ifadə edib. O, imzalanan memorandumun tərəflərin hər birinə faydalı olacağını diqqətə çatdırıb.
Sonra tərəflər arasında anlaşma memorandumu imzalanıb. Memorandumu “İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Tağı Tağızadə, Elektron Hökumətin İnkişafı Mərkəzi publik hüquqi şəxsin direktoru Fariz Cəfərov və “VFS Global” şirkətinin əməliyyatlar üzrə baş direktoru Sen Prabuddha imzalayıblar.