REGİONLAR


VIII “Muğam” Televiziya Müsabiqəsinin finalı Xalq artisti Mənsum İbrahimovun ifası ilə açılıb

Şuşa, 5 avqust, AZƏRTAC

Avqustun 5-də Şuşada Bülbülün ev-muzeyinin həyətində təşkil olunan VIII “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi torpaqlarımızın azadlığı uğrunda qurban gedən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, ilk olaraq Xalq artisti Mənsum İbrahimovun ifasında “Qarabağ” mahnısı dinlənilib.

Xan Şuşinskinin ifasında səslənən “Şuşanın dağları” mahnısının lent yazısı musiqi bayramına xüsusi rəng qatıb.

Bildirilib ki, müsabiqəyə 300 iştirakçı seçilsə də, onlardan 28-si yarışmaya buraxılıb. Bu gün onlardan finala vəsiqə qazanmış 3 azyaşlı və 7 gənc xanəndənin çıxışı dinləniləcək.

Müsabiqənin münsiflər heyəti iştirakçılara təqdim olunub. Münsiflərə korifey muğam ifaçısı, Xalq artisti Arif Babayev, Xalq artistləri Mələkxanım Eyyubova, Sərdar Fərəcov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Teyyub Aslanov, Əməkdar artist Fərqanə Qasımova və müsabiqənin icraçısı Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi daxildir.

Münsiflərdən Xalq artisti Arif Babayev final mərhələsinin iştirakçılarına xeyir-dua verib: “Şuşa Azərbaycan mədəniyyətinə böyük dühalar, musiqi xiridarları bəxş edib. Bu torpaq basılmazdır, biz onun qucağına yenə də gəldik və yenə də gələcəyik. Çox şükür ki, Qarabağ torpağının üstündəyik, Şuşadayıq, alınmaz bir qaladayıq. Biz burda daim yaşayıb-yaradacağıq. Şəhidlərə rəhmət, qazilərə cansağlığı diləyirəm. Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sağ ol deyirəm. Mehriban xanım bəlkə də dünyanın xeyirxah xanımları arasında birincisidir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu çox böyük işlər görüb və onlardan biri də məhz muğam müsabiqəsidir. Bu, çox böyük işdir və inanırıq ki, muğamımız, muğamatımız etibarlı əllərdədir və həmişə yaşayacaq”.

Sonra söz müsabiqənin finalçılarına verilib.

Qeyd edək ki, müsabiqənin seçim turları aprelin 9-da başlanıb, Ağdam, Füzuli və digər işğaldan azad olunmuş ərazilər başda olmaqla bütün regionları əhatə edib. Yarışma mayın 10-da start götürüb. Müsabiqə üç ay müddətində həftədə iki dəfə olmaqla Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalı vasitəsilə canlı yayımlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.