MƏDƏNİYYƏT
VIII “Muğam” televiziya müsabiqəsinin növbəti dinləmələri keçirilib
Bakı, 1 iyul, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nardaran qəsəbə Mədəniyyət Mərkəzində VIII “Muğam” televiziya müsabiqəsinin növbəti dinləmələri keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqənin növbəti dinləmələrinin Nardaran qəsəbəsində keçirilməsi sakinlər tərəfindən rəğbətlə qarşılanıb.
Tədbirdə rayon ərazisində fəaliyyət göstərən təhsil, səhiyyə və mədəniyyət müəssisələrin rəhbərləri, Sabunçu Rayon İctimaiyyətinin nümayəndələri, Nardaran qəsəbə sakinləri və ziyalıları, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları və digər qonaqlar iştirak ediblər.
Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən muğam sənətinin qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması və yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədilə 2005-ci ildən “Muğam” Televiziya Müsabiqəsi keçirilir.
Bu müsabiqə Azərbaycan muğamının dünya miqyaslı uğurlarına xidmətin bariz nümunəsi, bütövlükdə dövlətimiz və Heydər Əliyev Fondu tərəfindən mədəniyyətimizə, musiqimizə göstərilən təmənnasız qayğının sübutudur.
Gənc ifaçıların səsləndirdikləri klassik muğam nümunələri, təsnif və mahnılar onların böyük səhnəyə doğru yürüşünün uğurla nəticələnəcəyi barədə çoxmilyonlu tamaşaçı və dinləyici qənaətinin formalaşmasına və möhkəmlənməsinə əsaslı zəmin verir.