REGİONLAR


VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin ikinci günü maraqlı müzakirələrlə yadda qalıb

Oğuz, 31 iyul, AZƏRTAC

“Bakı Prosesi 10 il: Mədəniyyətlərarası dialoqun inkişafına töhfə kimi” adlı VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Oğuz rayonuna gəliblər.

AZƏRTAC xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən yay məktəbində Azərbaycan, Gürcüstan, Hindistan, Latviya, İsrail, Moldova, Yaponiya, Qazaxıstan, Rusiya, Rumıniya, Almaniya, Belarus, Xorvatiya, Bolqarıstan, Kolumbiya, Ekvador, İndoneziya, Serbiya, Portuqaliya, Slovakiya, Tacikistan, Monteneqro, Çexiya, Ukrayna, İtaliya, Türkiyə, Fələstin, Meksika, Çin, Estoniya kimi ölkələrin aparıcı universitetlərindən 35 tələbə iştirak edir.

Prezident İlham Əliyevin tövsiyəsi ilə reallaşan Beynəlxalq Multikulturalizm Qış və Yay məktəbləri BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 19, Azərbaycanın 38 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmalarına şərait yaratmaqdır.

Avqustun 9-dək davam edəcək yay məktəbinin fəaliyyəti Bakı şəhəri ilə yanaşı, Oğuz, Şəki, Qəbələ və İsmayıllı rayonlarını əhatə edəcək, iştirakçıların Azərbaycanda yaşayan müxtəlif dini və etnik icmaların rəhbərləri, görkəmli dövlət və din xadimləri ilə görüşləri təşkil olunacaq.

Yay məktəbi çərçivəsində iyulun 31-də Oğuzda AMEA-nın Şərqşünaslıq İnstitutunun şöbə müdiri Fərda Əsədovun “Azərbaycanda etnik müxtəliflik” mövzusunda mühazirəsi dinlənilib.

F.Əsədov Azərbaycan əhalisinin etnik müxtəlifliyinin formalaşmasının tarixi şəraitlərindən danışıb. Bildirib ki, Azərbaycan etnik cəhətdən müxtəlifliyi ilə fərqlənir. Azərbaycanda etnik müxtəlifliyi formalaşdıran həm coğrafi məkan, həm də tarixi vəziyyətlərdir. Etnik müxtəliflik ölkəmizdə fərqli mədəniyyətlərin, dillərin qavranılması bacarığını artırıb, tolerantlığı formalaşdırıb.

Vurğulanıb ki, Azərbaycandan fərqli olaraq Ermənistan monoetnik dövlətdir. Bu da Ermənistanı iflasa doğru aparır.

İnstitutun şöbə müdiri Oğuz rayonunun tarixi barədə də məlumat verib. Bildirib ki, burada qədim xalqın nümayəndələri – udilər yaşayırlar. Udilərin tarixi abidələri, məbədləri dövlət tərəfindən qorunub saxlanılır.

Sonra Rusiyanın Ural Federal Universitetinin professoru Aleksandr Nesterovun “Miqrasiya və multikulturalizm: tarix və müasirlik” mövzusunda mühazirəsi dinlənilib. A.Nesterov bildirib ki, multikulturalizm sözü 50 il bundan əvvəl yaransa da, multikulturalizm özü hər zaman mövcud olub.

Rusiyalı professor qeyd edib ki, Azərbaycanda olan multikulturalizm ənənəvi multikulturalizmdir. Ənənəvi multikulturalizm Azərbaycanda çox uğurla həyata keçirilir. Burada müxtəlif etnik, konfessional qruplar sülh şəraitində birlikdə yaşayırlar.

Mühazirələrdən sonra iştirakçıları maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb.

Proqrama uyğun olaraq yay məktəbinin iştirakçıları Oğuz rayonunda Yuxarı və Aşağı məhəllə sinaqoqları ilə tanış olacaqlar. Həmçinin Xalxal meşəsində onlar üçün gəzinti təşkil ediləcək. Sonra “Öz xalqını təqdim et” adlı musiqili axşamda yay məktəbi iştirakçılarının təqdimatları olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.