MƏDƏNİYYƏT
VII Muğam Televiziya Müsabiqəsi davam edir VİDEO
Bakı, 31 may, AZƏRTAC
Heydər Əliyev Fondunun dəstəyi, AzTV-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə Mədəniyyət Fondunun layihəsi əsasında keçirilən VII Muğam Televiziya Müsabiqəsi davam edir.
Müsabiqənin münsiflər heyətinin tərkibinə Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi daxildir. Münsiflər heyəti layihənin yekununda məlahətli səsə sahib olan ən yaxşı gənc xanəndəni müəyyənləşdirəcək.
Müsabiqə hər həftənin 2-ci və 4-cü günlərində AzTV və “Mədəniyyət” kanallarında canlı olaraq yayımlanır.
Müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi AZƏRTAC-a müsahibəsində deyib ki, 7-ci Televiziya Muğam Müsabiqəsi artıq başa çatmaq üzrədir. Gələn həftə son tur, ondan sonra artıq final olacaq. “Mübarizənin ən gərgin məqamıdır, çünki sona ən perspektivli, ən yaxşı ifaçılar qalıb. Bu gənclər ölkəmizin tanınmış 8 muğam ifaçısının yetirmələridir. Sevinirəm ki, bu cür geniş miqyasda bir yarışma gedir. Müsabiqədə ölkəmizin müxtəlif musiqi məktəblərinin təmsilçiləri mübarizə aparır”,- deyə müsabiqənin icraçı direktoru bildirib.
İlqar Fəhmi deyib ki, bəzən geniş səs imkanlarına məxsus, çox potensiyallı, ifaçılıq baxımından olduqca gözəl səsə malik xanəndə bu müsabiqədə özünü göstərə bilmir: “Hərdən bizə irad tuturlar ki, filankəs çıxdı, o yaxşı oxuyurdu. Amma bir şeyi unutmaq lazım deyil ki, bu müsabiqədir və müsabiqənin də öz şərtləri var. Bəzən müsabiqənin ilk mərhələlərində ümid bəslədiyimiz ifaçı bir də görürsən ki, özünü doğrulda bilmir, bəzən də əksinə olur, əvvəl-əvvəl inamsız baxdığımız gənc bir neçə ifadan sonra özünü əsl xanəndə kimi göstərməyi bacarır”.
İki ildən bir keçirilən Muğam Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunması və dünyada təbliği istiqamətində reallaşdırdığı ən möhtəşəm layihələrdəndir. Çünki, bu müsabiqə nəinki qədim muğam sənətini beynəlxalq arenada tanıdır, həm də yeni istedadlı gənc xanəndələrin üzə çıxmasına öz töhfəsini verir.
Müsabiqəyə dünyanın hər yerində baxıldığını və böyük maraqla qarşılandığını söyləyən Yazıçılar Birliyinin katibi deyib ki, ilk gündən başlayaraq çoxsaylı məktublar alırıq. Bu məktublarda soydaşlarımızın müsabiqə barədə çox dəyərli fikirləri yer alıb: “Biz də çalışırıq ki, bütün dünyada Azərbaycan mədəniyyətinin təbliğinə qismən də olsa öz töhfəmizi verək”.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi olan gənc ifaçı Türkanə Nəcəfova da təəssüratlarını bizimlə bölüşüb: “Artıq müsabiqənin 12-ci həftəsindəyik. Ötən müddət ərzində çox böyük təcrübə qazanmışıq. İfalarımıza dəyər verən və onları düzgün qiymətləndirən münsiflərin hər birinə təşəkkürümü bildirirəm. Bu gecə “Rahab” təsnifini ifa edəcəyəm. Müəllimim Xalq artisti Səkinə İsmayılovadır”.
Layihənin növbəti axşamında ikinci onluğa daxil olan iddiaçılar Şah İsmayıl Xətainin qəzəllərini muğamlarımız üstündə təqdim ediblər. Gecədə gənc ifaçılar Vəliş Mirzəyev, Türkanə Nəcəfova, Rəvan Qaçayev, İlahə Rüstəmova və Murad Rüstəmzadənin ifaları dinlənilib.
Bu həftənin sonuncu dinləmələri zamanı da qonaqlar muğamlarımızdan zövq alıb və klassik poeziyamızın daha bir maraqlı səhifəsinə səyahət etmiş olublar.