MƏDƏNİYYƏT
VII Muğam Televiziya Müsabiqəsinin seçim turları yekunlaşıb
Bakı, 15 fevral, AZƏRTAC
Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Mədəniyyət Nazirliyinin iştirakı və AzTV-nin təşkilatçılığı ilə keçirilən VII Muğam Televiziya Müsabiqəsinin Bakı şəhəri üzrə sonuncu seçim turu keçirilib.
AZƏRTAC xəbər verir ki, ümumilikdə seçim turlarında 400-dən çox ifaçı iştirak edib. Bölgələr üzrə 30, Bakı şəhəri üzrə 40 nəfər həlledici seçimə qatılıb. Bu 70 gəncdən 20 nəfəri müsabiqədə yarışmaq üçün vəsiqə qazanıb.
Münsiflər heyətinin üzvləri – Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi iştirakçıları diqqətlə dinləyib.
Müsabiqənin icraçı direktoru İlqar Fəhmi deyib: “Müsabiqəyə müraciət edənlərin sayı ildən-ilə artır. 400-dən çox gəncin bu seçimlərə qatılması o deməkdir ki, gənclər arasında sənətə böyük maraq var. Təbii ki, seçim turlarına səsi gözəl olan da, yaxşı hazırlaşan da, hazırlaşmayan da qatılmışdı. Lakin biz seçim turlarında, ilk növbədə, iştirakçıların səs imkanlarına, zəhmətkeşliyinə, öyrənmə qabiliyyətinə, qavrayışına önəm verdik. Finala qalan iyirmiliyi seçmək o qədər də asan olmadı”.
Münsiflər heyətinin üzvü, Xalq artisti Mənsum İbrahimov müsabiqəyə İrandan iki iştirakçının müraciət etdiyini bildirib: “Bu ifaçılar finala vəsiqə qazanıb. Onların da maraqlı səs tembrləri var. Müsabiqə başlayanda, siz də maraqlı və yeni, gözəl səslərin şahidi olacaqsınız. Finala vəsiqə qazanan 20 iştirakçının tamaşaçılar tərəfindən seviləcəyinə inanırıq. Muğam Azərbaycan xalqının ruhudur. Ümid edir ki, müsabiqə günlərində xalqımıza gözəl bir muğam bayramı ab-havası yaşada biləcəyik”.
Müsabiqənin yolunu həsrətlə gözləyən tamaşaçılar Novruz bayramı ərəfəsində yeni səsləri, gənc ifaçıları tanıma imkanı əldə edəcəklər.