SİYASƏT


VII Qlobal Bakı Forumu çərçivəsində “Yaxın Şərqdə sülh və təhlükəsizlik” mövzusunda panel iclas keçirilib

Bakı, 15 mart, AZƏRTAC

VII Qlobal Bakı Forumu çərçivəsində “Yaxın Şərqdə sülh və təhlükəsizlik” mövzusunda panel iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, Ərəb Liqasının sabiq baş katibi Əmr Musanın moderatorluğu ilə keçirilən panel iclasda Yaxın Şərqdə sülhə nail olmağın yollarına dair müzakirələr aparılıb. Qeyd edilib ki, regionda sülhün bərqərar olunması müəyyən qüvvələrin əlindədir. Bəzən münaqişə bölgə dövlətləri tərəfindən qızışdırılır. Bu səbəbdən problemin həlli çətinləşir.

İslam Tədqiqatları Mərkəzinin sədri Turki Əl Faysal bin Əbdüləziz Əl Səud deyib ki, Yaxın Şərqdə münaqişələr bütün dünyaya ziyan vurur, kütləvi insan tələfatına yol açır. Münaqişənin fəsadları artıq regionun hüdudlarını aşaraq bütün dünyaya yayılıb. Münaqişə tərəfləri öz aralarında razılığa gəlməsələr, Yaxın Şərqdə vəziyyət daha da gərginləşə bilər. Dünya birliyi də bu məsələdə öz sözünü deməlidir.

Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin bildirib ki, son onilliklərdə Yaxın Şərqdə bir sıra münaqişələr baş verib. Bu da regionda insan tələfatına səbəb olur və inkişafı ləngidir. “Ərəb baharı” adlandırılan inqilablar, eyni zamanda, terrorçuluq və yeni münaqişə ocaqları regiona dağıdıcı təsir göstərir. Populist və avtoritar liderlərin meydana çıxması münaqişələri dərinləşdirir. Təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə gəldikdə, bu, bir qədər mürəkkəb görünür. Sülhdən danışdıqda ölkədaxili problemləri və imkanları unutmaq olmaz. Burada təhsilin, texnologiyanın aşağı səviyyəsi münaqişəni daha da qızışdırır. Odur ki, regionun yeni sosial təmaslara ehtiyacı var.

Milli zəmində münaqişələrə dini qarşıdurmaların da əlavə olunduğunu bildirən İsrailin sabiq Baş naziri Tzipi Livni qeyd edib ki, problemin səbəbkarı təkcə İsrail deyil. Burada münaqişənin qızışmasının səbəbi müəyyən qüvvələrin toqquşan maraqlarıdır. Danışıqlarda tərəflər İsrail və Fələstindir. Sülh əldə edilməsi bu ölkələrin xalqlarından asılıdır. “Tərəflər arasında etimad itib. Çünki münaqişədə İsrail və Fələstini dəstəkləyən qüvvələr ortaya çıxır. İstəmirik ki, regionda Suriyada cərəyan edən proseslər baş versin. Burada sərt bir liderliyə ehtiyac var. İsraildə əhalinin 40 faizi ərəblərdir. Onlar yəhudilərlə eyni hüquqa malikdir. İsraili hər şeyə görə günahlandırmaq düzgün deyil”, - deyə Tzipi Livni vurğulayıb.

İordaniyanın keçmiş Baş naziri Taher Masri çıxış edərək deyib: “Sülh haqqında danışdıqda konkret məsələlərə diqqət yetirmək lazımdır. İsrailin qərarları sülhün bərqərar olmasına maneçilik törədir. Problemin köklərini araşdırmaq lazımdır. Biz sülh prosesini dəstəkləyirik. Cihadçılar dediyiniz qüvvələr İslamı təmsil etmirlər. Onların mövcud olması, əksinə, bizim əleyhimizədir”.

İtaliyanın sabiq xarici işlər naziri Ancelino Alfano vurğulayıb ki, diqqət Avropaya axışan Suriya qaçqınlarına yönəlməlidir. Yaxın Şərqdəki problem qaçqınların artmasına səbəb olur. Bu proses “Ərəb baharı”ndan sonra gücləndi. Yəməndə baş verən vətəndaş müharibəsi Aralıq dənizi regionunu əhatə edir. Bu da münaqişənin Yaxın Şərq hüdudlarından çıxması deməkdir. Münaqişənin həlli üçün əlverişli şərait yaranıb. Çünki müzakirələr aparmağa imkan verən kifayət qədər beynəlxalq təşkilatlar mövcuddur.

Yaxın Şərqdə baş verən proseslərin tarixinə nəzər salan İslam Əməkdaşlığı Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlu deyib: “Osmanlı imperiyasının süqutundan sonra bölgədə yeni ərəb ölkələri meydana gəldi. Daha sonra sovet imperiyasının yaranması nəticəsində dünyada və regionda ikiqütblü siyasət hökm sürməyə başladı. SSRİ-nin süqutundan sonra bu təkqütblü siyasətlə əvəzləndi. Hazırda isə yeni siyasi mühitin formalaşması prosesi gedir. Dünyada güclərin bərabər paylanmasına nail olmaq lazımdır. Yalnız bu halda regionda sülh prosesi baş tuta bilər”.

Panel müzakirələrlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.