SİYASƏT


VII Qlobal Bakı Forumunun üçüncü panel iclası: “Bu, qloballaşmanın sonudurmu?” VİDEO

Bakı, 14 mart, AZƏRTAC

Martın 14-də VII Qlobal Bakı Forumu çərçivəsində keçirilən üçüncü panel iclasında “Bu, qloballaşmanın sonudurmu?” mövzusunda müzakirələr aparılıb.

Gürcüstanın Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvilinin moderatorluğu ilə keçən paneldə çıxış edən Polşanın sabiq Baş naziri Marek Belka bildirib ki, ölkəsi Avropa İttifaqına qoşulduqdan sonra iqtisadi baxımdan faydalanıb. Qloballaşmanın siyasi qərarlar əsasında mövcud olmadığını deyən sabiq Baş nazir əlavə edib ki, bu, texnoloji bir prosesdir. Qloballaşmanın sona yaxınlaşmasını demək düzgün deyil. Bunun qarşısını almaq mümkün deyil. Müxtəlif ölkələr qloballaşmadan fərqli şəkildə istifadə edirlər.

Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev Sovet İttifaqının dağılmasından sonra ölkəsində demokratiyanın bərqərar olduğunu bildirib. O əlavə edib ki, qloballaşma prosesindən razıdır. Bolqarıstanın müstəqillik əldə etdikdən sonra iqtisadiyyatını inkişaf etdirdiyini deyən sabiq dövlət başçısı ölkəsində həyata keçirilən islahatlardan danışıb. O vurğulayıb ki, qloballaşmadan xilas olmaq mümkün deyil. Bu gün dünyanı hörümçək toru kimi ağuşuna alan internet bəşəriyyəti bir əldə saxlayır. Dünyanın istənilən yerində gedən prosesləri sosial media vasitəsilə izləmək mümkündür. Qloballaşma vasitəsilə dövlətlər yeni iqtisadi alətlərdən ortaqlı istifadə edirlər.

Ekvadorun keçmiş Prezidenti Rosalia Arteaqo Serrano Latın Amerikasının müxtəlifliyə malik bir coğrafiya olduğunu deyib. Qeyd edib ki, burada siyasi, iqtisadi və humanitar böhran mövcuddur. Qlobal trendin davam etdiyini deyən sabiq Prezident əlavə edib ki, bu gün Avropada cərəyan edən istənilən böhran Latın Amerikasına da öz təsirini göstərir.

Rasizmə Qarşı Avropa Şəhərləri Koalisiyasının prezidenti Benedetto Zakkirol qloballaşmanın müsbət və mənfi məqamlarından söz açıb. O, dövlət rəhbərlərinin qlobal məsələlərə münasibət bildirməli olduqlarını söyləyib. Vurğulayıb ki, bütün səylər müsbət istiqamətə cəmləşdirilməlidir.

Livanın sabiq Baş naziri Fuad Siniora isə qeyd edib ki, bu gün dünya qloballaşmanın müsbət tərəflərindən faydalanmaqla mənfi tərəflərindən də əziyyət çəkir. Bu gün miqrasiya axınlarına qarşı vacib addımlar atılmalıdır, insanların həyat şəraitləri yaxşılaşdırılmalı, onlara kömək göstərilməlidir. Dünyada ksenofobiya, millətçilik, şovinizm kimi mənfi cərəyanlara qarşı mübarizə aparılmalıdır.

Mavritaniyanın sabiq Prezidenti xanım Ameenah Gurib qeyd edib ki, dünyada hökm sürən böhran hər bir insana təsir edir, hər kəs işini itirir. Bu da ciddi sosial problemlərə gətirib çıxarır.

İtaliyalı senator Ettore Liçeri bildirib ki, qloballaşmada insanların düşüncə tərzi dəyişir. İnsanlar yeni yerlər görmək istəyirlər. Bu, insanları yaxınlaşdırır.

Türkiyə parlamentinin sabiq sədri Cəmil Çiçək qeyd edib ki, qloballaşma dünyanın müxtəlif yerlərində fərqli şəkildə başa düşülür. Yaxşı tərəfdən baxdıqda qloballaşma insanlara çox şey qazandırıb. Digər tərəfdən, qloballaşma dünyanın siyasi gündəmini dəyişir, yeni siyasi sosial mühit formalaşdırır.

Çıxışlardan sonra mövzu ilə bağlı suallar cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.