İDMAN


VII Zirvə Beynəlxalq Uşaq Oyunlarında futbol yarışlarının qalibləri müəyyənləşib

Bakı, 23 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Xırdalan və Astarada VII Zirvə Beynəlxalq Uşaq Oyunları davam edir.

AZƏRTAC “Zirvə” idman klubunun saytına istinadla xəbər verir ki, 27 idman növündə 12 ölkədən 4 mindən çox idmançının qüvvəsini sınadığı yarışlarda növbə futbolçulara çatıb.

Dünyanın ən populyar, hər kəsin maraqla izlədiyi, həyəcanına şərik olduğu idman növü olan futbol hələ ilk “Zirvə Oyunları”ının proqramında olub. Hər dəfə də böyük tamaşaçı kütləsi olan oyunlar öz gərginliyi ilə seçilib, izləyicilərin sevgisini qazanıb.

İki yaş qrupu üzrə (10 və 14) mübarizə aparan Lənkəran, Cəlilabad, Bakı, Sumqayıt və digər regionları təmsil edən ümumi 30 komandadan 250-yə yaxın futbolçu seçmə və final mərhələsində oyunlar keçiriblər. İki gün ərzində pley-off sistemi ilə oynanılan qarşılaşmalarda qaliblər yarımfinal və final matçlarına vəsiqə qazanıblar. Yaşı 10-dək olan futbolçuların finalında “Sumqayıt” və “Lənkəran-Zirvə” komandaları üz-üzə gəliblər. Çox sayda qol epizodları ilə müşayiət olunan həlledici qarşılaşma 1:1 hesabı ilə bitib və qalibi müəyyən etmək üçün oyunsonrası on bir metrlik cərimə zərbələri yerinə yetirilib. Zərbələri daha dəqiq yerinə yetirən cənublular çempion adına layiq görülüblər. Bu qrupda bürünc medala “Cəlilabad-Zirvə” futbolçuları sahib çıxıblar.

Yaşı 14-dək olan futbolçuların finalı da gərgin idman mübarizəsi şəraitində keçib. “Lənkəran-Zirvə” komandası son saniyələrdə vurulan qolla hesabı 3:3-ə çatdırıb. Bu oyunda da qalibi müəyyən etmək üçün on bir metrlik cərimə zərbələri vurulub. Ancaq bu dəfə rəqib Xırdalan şəhəri 2 nömrəli orta məktəbin komandası daha dəqiq olub və çempionluğu bayram edib. Bürünc medalı isə “Neftçi” qazanıb.

Mükafatlandırma mərasimində fəxri kürsüdə yer alan komandaların hər bir üzvünə medal, diplom və xatirə hədiyyələri təqdim olunub.

“Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-Roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton və atletika növlərində medallar uğrunda mübarizə aparırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.