DÜNYA
VİKTOR KALYUJNI: SAHİLYANI ÖLKƏLƏR XƏZƏR DƏNİZİNİN STATUSUNUN TƏNZİMLƏNMƏSİ YOLUNDADIRLAR
MOSKVA. Rusiya xarici işlər nazirinin müavini beş Xəzəryanı ölkənin Moskvada işgüzar müşavirəsini açarkən demişdir ki, region ölkələri Xəzər dənizinin statusunun tənzimlənməsi yolundadırlar. Müşavirədə Azərbaycan, Qazaxıstan, İran, Rusiya və Türkmənistan xarici siyasət idarələri başçılarının müavinləri iştirak edirlər.
Rusiya nümayəndə heyətinin rəhbəri bildirmişdir ki, “böyük həcmdə iş görülmüşdür və Xəzərin problemlərinin həllində irəliləyiş var”. İTAR-TASS-ın müxbirinə məlum olmuşdur ki, Rusiya tərəfi balıq ovu və regionun ekologiyası məsələlərinə dair bir sıra əlavə təklifləri Moskva görüşü iştirakçılarının müzakirəsinə vermək niyyətindədir. Müşavirədə dəniz dibi hüdudlarının müəyyənləşdirilməsi məsələsinin də müzakirə ediləcəyi gözlənilir.
Ekspertlərdən birinin fikrincə, indi regionun beş ölkəsi liderlərinin zirvə görüşünü keçirmək ideyasına da yeni təkan verilmişdir. O demişdir: “Ümid var ki, görüş artıq bu il keçiriləcəkdir. Belə ki, yekun bəyannaməsinin layihəsinin təkmilləşdirilməsi üzərində iş gedir”.
Rusiya və Türkmənistan prezidentləri Vladimir Putinin və Saparmurad Niyazovun yanvarın 21-də Moskvada danışıqları zamanı qeyd olunmuşdur ki, “bütün Xəzəryanı dövlətlərin maraqları nəzərə alınmaqla Xəzər dənizinin beynəlxalq hüquqi statusunun müəyyənləşdirilməsi onun ehtiyatlarından istifadə edilməsinə əlverişli şərait yaradacaqdır”.