İDMAN
VİTALİ KLİÇKO “GƏNCLƏRƏ MÜSBƏT NÜMUNƏ GÖSTƏRƏN İDMANÇI” MÜKAFATI ALMIŞDIR
AZƏRTAC Ukrinforma istinadla xəbər verir ki, boks üzrə iki dəfə dünya çempionu, Dünya Boks Şurasının fəxri çempionu Vitali Kliçko “Gənclərə müsbət nümunə göstərən idmançı” mükafatına layiq görülmüşdür. Ukrayna idmançısına bu mükafat Almaniyanın Münxen şəhərində keçirilən beynəlxalq idman malları sərgisində təqdim olunmuşdur.
Kliçko mükafatı qəbul edərək demişdir: “Bu, mənim üçün böyük şərəf və məsuliyyətdir, çünki hər bir addımım və hərəkətim bu mükafatın prizmasından qiymətləndiriləcək”.
“Gənclərə müsbət nümunə göstərən idmançı” mükafatı 1971-ci ildə təsis edilmişdir. İndiyədək o, Ukrayna Milli Olimpiya Komitəsinin prezidenti Sergey Bubkaya, sabiq futbolçular Pele və Frans Bekkenbauerə, digər görkəmli idmançılara verilmişdir.
Vitali Kliçko Ukrayna Prezidenti Viktor Yuşşenkonun müşaviri və Kiyev Şəhər Şurasında deputat fraksiyasının lideridir. Bu günlərdə o, rinqə qayıdacağını bildirmişdir.