MƏDƏNİYYƏT
VI Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı mətbuat konfransı keçirilib VİDEO
Bakı, 23 oktyabr, AZƏRTAC
Oktyabrın 25-26-da Azərbaycanın paytaxtında keçiriləcək VI Bakı Beynəlxalq Humanitar Forumu ilə əlaqədar mətbuat konfransı təşkil edilib.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında Mədəniyyət Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov Humanitar Forumla bağlı təşkilati məsələlərin artıq yekunlaşdığını deyib. Qeyd edib ki, bu Forumda sosial və humanitar fəaliyyətin bütün sahələrində çalışan mütəxəssislər bir araya gələrək bəşəriyyəti narahat edən aktual məsələlərin həlli yollarını araşdırırlar.
Mədəniyyət nazirliyinin aparat rəhbərinin müavini, beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə bildirib ki, Bakı Beynəlxalq Humanitar Forumu 2010-cu ildən etibarən Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentlərinin təşəbbüsü ilə keçirilir. Azərbaycanda ənənəvi hal alan bu Forum dünyada ən nüfuzlu forumlar və platformalar sırasındadır. İndiyədək ölkəmizdə keçirilən Humanitar forumlarda kifayət qədər nüfuzlu şəxslər, siyasətçilər, alimlər, Nobel mükafatçıları, beynəlxalq təşkilatların nümayəndələri, dövlət və hökumət rəsmiləri iştirak ediblər. Budəfəki Forumda da həmin ənənə davam etdirilir.
Vasif Eyvazzadə deyib ki, VI Bakı Beynəlxalq Humanitar Forumu “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusuna həsr olunub. Bu mövzu ətrafında kifayət qədər maraqlı plenar sessiyalar və işçi sessiyalar təşkil olunacaq. Forumun əsas mövzusu Azərbaycan dövlətinin insan kapitalının inkişaf etdirilməsi siyasətinə dəstək kimi qəbul olunmalıdır. Forumun mövzusu məhz ölkəmizin iqtisadi inkişafının insan kapitalına çevirmə modelini və strategiyasını həm milli, həm beynəlxalq səviyyədə nümayiş etdirmək imkanı verəcək.
Diqqətə çatdırılıb ki, VI Bakı Beynəlxalq Humanitar Forumunda 97 ölkədən 580 nəfər və 24 beynəlxalq təşkilatın təmsilçiləri iştirak edəcəklər. BMT-nin baş katibinin iki müavini, ISESCO, IRCICA, TÜRKPA, TÜRKSOY, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Parlamentlərarası Birlik, BMT-nin İqtisadi və Sosial Şurası kimi təşkilatların rəhbərləri, UNESCO-nun, MDB İcraiyyə Komitəsinin rəhbərlərinin müavinləri Foruma qatılacaqlar. Həmçinin tədbirdə iştirak üçün Sudanın vitse-prezidenti, Rusiya və Slovakiya baş nazirlərinin müavinləri, Sloveniya, Uruqvay, Rusiya, Misir, Belarus, İtaliya və Estoniya parlamentlərinin sədr və sədr müavinləri, Gürcüstan, Monteneqro, Özbəkistan, Bolqarıstan, Türkiyə, Sudan, Tacikistan, Qazaxıstan, Ukrayna, Əfqanıstan, Filippin və Bolqarıstandan nazirlər və nazir müavinləri, Qazaxıstan, Türkiyə, Tacikistan və Özbəkistandan ombudsmanlar, 15 ölkədən 40-dan çox deputat, 46 ölkənin diplomatik nümayəndəliklərinin rəhbərləri, çoxsaylı ölkələrdən şirkət rəhbərləri, elm xadimləri, ekspertlər ölkəmizə gələcəklər.