SİYASƏT


VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycan Prezidentinə müraciət ünvanlayıblar

Bakı, 21 fevral, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

BBMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə Qış Məktəbinin dünyanın 17 ölkəsindən olan iştirakçıları fevralın 12-18-də bir araya gəldiklərini qeyd edirlər. Onlar Prezident İlham Əliyevin sərəncamları əsasında Azərbaycanda 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının, eləcə də mədəniyyətlərarası dialoqun əsas platforması olan “Bakı Prosesi”nin 10 illiyinin bəyan edilməsinin Azərbaycanın multikultural və tolerant dövlət olduğunu aydın şəkildə göstərdiyini vurğulayırlar.

“Qış məktəbi ərzində iştirak etdiyimiz tədbirlər, görüşdüyümüz insanlar və səfər etdiyimiz müxtəlif yerlər bütün millətlərin və dini etiqadların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadıqları bir ölkə kimi Azərbaycan haqqında biliklərimizi dərinləşdirdi və möhkəmləndirdi. Biz, Azərbaycandan və 16 ölkədən olan nümayəndələr, Azərbaycanın Gənc Dostları Klubunun üzvləri olaraq multikulturalizmin Azərbaycan modeli, bu ölkədəki tolerantlıq mühiti və bu istiqamətdə aparılan dövlət siyasəti haqqında öz fikirlərimizi və təəssüratlarımızı paylaşmaq məqsədilə bu məktəbə gəldik”, - deyə müraciətdə qeyd edilir.

Dünyada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 7 filialının fəaliyyət göstərdiyi, bu yaxınlarda daha bir filialın da ABŞ-da açıldığı vurğulanan müraciətdə Qış Məktəbinin iştirakçıları bildirirlər: “Azərbaycan, o cümlədən onun multikultural dəyərləri, zəngin tarixi və mədəniyyəti haqqında doğru məlumatları dünyaya yaymaqla bağlı fəaliyyətimizi davam etdirmək həvəsi və qətiyyəti ilə bu ölkəni tərk edirik”.

Sonda VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycan Prezidentinə dərin ehtiramlarını bildirirlər.

Xatırladaq ki, VI Beynəlxalq Multikulturalizm Qış Məktəbində 17 ölkənin - Azərbaycan, Avstriya, Əfqanıstan, Bolqarıstan, Estoniya, Moldova, Gürcüstan, Almaniya, İndoneziya, Yaponiya, Monteneqro, Norveç, Polşa, Portuqaliya, Rusiya, Böyük Britaniya və Ukraynanın aparıcı universitetlərindən 30-a yaxın tələbə iştirak edib.

Artıq ənənəyə çevrilən Multikulturalizm Yay və Qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın dairəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşmaqdadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.