ELM VƏ TƏHSİL
VI Respublika fənn müsabiqələrinin birinci mərhələsinin nəticələri açıqlanıb
Bakı, 3 may, AZƏRTAC
Ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən VI Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsinin nəticələri məlum olub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, riyaziyyat, informatika, fizika, kimya və biologiya fənləri üzrə keçirilən bilik yarışının birinci mərhələsində 22 min 531 şagird iştirak edib. Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, müvafiq fənlər üzrə iştirakçıların 20 faizi növbəti final mərhələsində iştirak hüququ əldə ediblər. Fənn müsabiqələrinin final mərhələsinin may ayının sonunda keçirilməsi planlaşdırılır. Rayon (şəhər) mərhələsinin nəticələri ilə olimpiada.edu.az saytından tanış olmaq mümkündür.
Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir. Fənn müsabiqəsi qalibləri beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə dinləyici qismində dəvət ediləcək, eyni zamanda, müvafiq ixtisaslar üzrə liseylərə müsabiqədənkənar qəbul olma imkanı qazacaqlar.