DÜNYA
V.KALOYEV AVİADİSPETÇERİ ÖLDÜRDÜYÜ ANI XATIRLAMIR, LAKİN QƏTLDƏN ƏVVƏL ONUNLA GÖRÜŞDÜYÜNÜ ETİRAF EDİR
Qossnerin sözlərinə görə, Kaloyev dindirilərkən demişdir ki, fevralın 24-də o, dispetçerin Kloten şəhərciyindəki evinə gedərək, 2002-ci il iyulun 2-nə keçən gecə Almaniya səmasında baş vermiş aviasiya qəzasına görə üzr istəməsini tələb etmişdir. Həmin qəzada Kaloyev həyat yoldaşını və iki uşağını itirmişdir. Hesab edilir ki, faciəyə səbəb dispetçerin səhvi olmuşdur.
Qossnerin dediklərindən belə çıxır ki, Kaloyev dispetçerlə görüşmüş və söhbət etmişdir. Lakin o, sonra nə baş verdiyini xatırlamır. Kaloyev prokurora demişdir: “Ola bilsin, mən onu öldürmüşəm”. İstintaq bu sözləri onun öz təqsirini qismən boynuna alması kimi qiymətləndirmişdir.
Xatırladaq ki, 2002-ci il iyulun 2-nə keçən gecə aviadispetçerin səhvi üzündən “Boinq” yük təyyarəsinin və “Başqırdıstan Hava Yolları” şirkətinin TU-154 sərnişin təyyarəsinin toqquşması nəticəsində 71 adam, o cümlədən 69 rusiyalı həlak olmuşdur.