SİYASƏT
V.KALYUJNI: İRANLA BAĞLI VƏZİYYƏT XƏZƏRİN STATUSUNU NİZAMLAMAQ PROSESİNƏ TƏSİR GÖSTƏRMİR
AZƏRTAC-ın müxbiri Moskvadan xəbər verir ki, Rusiya Prezidentinin Xəzər dənizinin statusunun nizama salınması üzrə xüsusi nümayəndəsi, RF xarici işlər nazirinin müavini Viktor Kalyujnı İTAR-TASS-ın müxbirinə müsahibəsində bildirmişdir: İranla bağlı vəziyyət Xəzər dənizinin problemlərinin həllinə təsir göstərmir. Diplomat demişdir: “Ümidvarıq ki, heç bir əngəl olmayacaqdır. İran tərəfindən tam anlaşma var və bu gün gedən proseslər işgüzar xarakter daşıyır. Mən Xəzər dənizinin hüquqi statusunun nizama salınması prosesində qarşıya problemlər çıxacağını gözləmirəm”. V.Kalyujnı həmçinin bildirmişdir ki, Rusiya beş Xəzəryanı dövlətin xarici işlər nazirlərinin ilin sonunda Moskvada görüşünü keçirmək təşəbbüsünü irəli sürmüşdür. O demişdir: “Bu məsələ hələlik axıradək həll olunmayıb, amma hesab edirik ki, belə bir görüşü keçirmək lazımdır”. Diplomat açıqlamışdır ki, bu məsələ Xəzər üzrə işçi qrupunun iyulun 20-24-də Moskvada keçiriləcək onuncu, yubiley iclasında müzakirə olunacaqdır. “Beşliyin” nümayəndələri iclasda iştirak edəcəklərini artıq təsdiqləmişlər.