DÜNYA
VLADİMİR PUTİN QAZAXISTANDA SƏFƏRDƏDİR
N.Nazarbayev və V.Putinin təkbətək görüşündən sonra danışıqlar geniş tərkibdə davam etdirilmişdir. Danışıqlarda iki dövlət arasında ticarət və iqtisadi sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.
Danışıqların yekunu kimi Rusiyanın “LUKoyl” və Qazaxıstanın “QazMunayQaz” milli şirkəti arasında Xəzərin Qazaxıstan sektorundakı iki sahənin birgə işlənməsi, Rusiya və Qazaxıstan arasında Qazaxıstanın ilk milli telekommunikasiya peykinin yaradılması və orbitə çıxarılması, Baykonur kosmodromundan birgə istifadə haqqında sazişlər, iki dövlət arasında sərhəd məsələlərində əməkdaşlıq və birgə fəaliyyət haqqında müqavilə, Baykonur kompleksinin fəaliyyətinin təmin olunması sahəsində əməkdaşlığın gələcək inkişafı barədə memorandum və digər sənədlər imzalanmışdır.
Səfər çərçivəsində Rusiya Federasiyası və Qazaxıstan Respublikası prezidentlərinin birgə bəyanatı qəbul olunmuşdur.
Sənədlərin imzalanması mərasimindən sonra Nursultan Nazarbayev və Vladimir Putin birgə mətbuat konfransı keçirmişlər. Mətbuat konfransında deyilmişdir ki, Qazaxıstanla Rusiya arasında indiyədək 393 müqavilə və saziş imzalanmışdır. Ötən il ölkələr arasında mal mübadiləsinin həcmi 4 milyard dollardan artıq olmuşdur. Gələcəkdə bu rəqəmi 10 milyard dollara çatdırmaq imkanı vardır.
N.Nazarbayev və V.Putin Astanadakı Konqres-Hol otelində “Qazaxıstanda Rusiya Federasiya ili”nin təntənəli açılışında iştirak etmişdir. N.Nazarbayev demişdir:
- 2004-cü il “Qazaxıstanda Rusiya ili” elan olunmuşdur və mən əminəm ki, bu il iki ölkə arasında ikitərəfli münasibətləri, dostluq əlaqələrini daha da möhkəmlədəcək, xalqların bir-birinə inamını və etibarını artıracaqdır.
V.Putinin Qazaxıstana səfəri davam edir.