DÜNYA
VLADİMİR PUTİN VARİSİNİ SƏCİYYƏLƏNDİRİR
Prezidentin sözlərinə görə, onun varisinin Dmitri Medvedevin və ya Sergey İvanovun olması heç də vacib deyildir. Putinin fikrincə, onun varisi, ilk növbədə, qərarların qəbul edilməsinə görə cavab verməyi bacarmalıdır.
O demişdir: “Bu vəzifəni tutmağa namizəd olan adam bir çox keyfiyyətlərə yiyələnməlidir, lakin onların üçü əsasdır – düzlük və vicdanlılıq, peşəkarlıq, ən başlıcası isə, qərarların qəbul edilməsinə görə məsul olmağı bacarmaq”. Putin bildirmişdir ki, istənilən ölkə, hətta kiçik və firavan dövlət də öz rəhbərindən başqasının arxasında gizlənməməyi, öz mövqeyini aydın formalaşdırmağı tələb edir.
O, bir daha təkrar etmişdir ki, üçüncü dəfə prezident seçilməyi özü üçün qeyri-mümkün sayır. Prezident demişdir ki, bu mövzuda ictimai rəy sorğusunun nəticələri ona məlumdur və onları kifayət qədər obyektiv hesab edir.