İDMAN
VOLEYBOLÇU QIZLARIN RESPUBLİKA BİRİNCİLİYİ BAŞA ÇATMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, noyabrın 28-də Ağsu şəhər 4 saylı orta məktəbin idman zalında 25 yaşınadək qızların voleybol üzrə respublika birinciliyinin final görüşləri başa çatmışdır. Dörd gün davam edən yarışlar YUNESKO-nun elan etdiyi 2005-ci ili bədən tərbiyəsi və idman ili çərçivəsində Gənclər, İdman və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilmişdir.
Final görüşlərində Qusar, Ağsu, Mingəçevir, Şəki, Masallı, Balakən, Qax, Yevlax və Gəncə voleybolçuları qarşılaşmışlar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda Mingəçevir voleybolçuları birinci, Qax rayonunun komandası ikinci, Balakən idmançıları isə üçüncü yer tutmuşlar.
Qaliblərə Gənclər, İdman və Turizm Nazirliyinin kubok və diplomları, habelə qiymətli hədiyyələr verilmişdir.