İDMAN
VOLEYBOL ÜZRƏ LİSENZİYA TURNİRİNDƏ YARIMFİNALÇILAR MƏLUMDUR
Birinci hissədə bütün xətlərdə mütəşəkkil oyun göstərən almanlar qalib gəldilər – 25:11. İkinci hissə rusiyalıların hücumları ilə başlandı və onların aşkar üstünlüyü ilə keçdi – 25:16. Beləliklə, hesab bərabərləşdi. Üçüncü hissə gərgin mübarizə şəraitində keçdi və rusiyalıların cüzi üstünlüyü ilə sona yetdi – 25:23. Lakin almanlar dördüncü hissəni hesabda böyük fərqlə öz xeyirlərinə başa çatdırdılar – 25:16. Beşinci, həlledici hissədə gərginlik son həddə çatdı, lakin Almaniya voleybolçuları daha böyük əzmkarlıq göstərdilər – 15:13. Ümumi hesab onların xeyrinə 3:2 oldu.
İndi yanvarın 9-da Almaniya yığması yarımfinalda Türkiyə komandası ilə qarşılaşacaqdır. Rusiyalılar isə turnirdə çıxışlarını başa çatdırdılar.
Türkiyə və Hollandiya komandalarının görüşü isə türk voleybolçularının qələbəsi ilə nəticələndi. Onlar birinci hissədə 25:22 hesabı ilə qalib gəldilər. İkinci hissədə hollandlar fərqləndi (25:21) və hesabı bərabərləşdilər – 1:1. Üçüncü hissə gərgin mübarizə şəraitində keçsə də, türklər daha yaxşı oynadılar – 25:21. Sonuncu, dördüncü hissədə Türkiyə idmançıları rəqiblərini 25:19 hesabı ilə məğlubiyyətə uğratdılar və görüş onların qələbəsi ilə sona yetdi – 3:1.
Günün axırıncı görüşündə Azərbaycan və Polşa yığmaları qarşılaşdılar. Birinci hissənin əvvəlində üstünlük polşalıların tərəfində olsa da, Azərbaycan idmançıları 25:18 hesabı ilə qalib gəldilər. Polşa voleybolçularının güclü müqavimətinə baxmayaraq, Faiq Qarayevin yetirmələri qalan iki hissədə inamlı oyun nümayiş etdirərək turnirdə yeganə qələbəsini qazandılar – 3:0.
Yanvarın 9-da yarımfinalda Polşa-İtaliya, Türkiyə-Almaniya görüşləri keçiriləcəkdir. Final oyunu yanvarın 10-da olacaqdır.