İDMAN
VOLEYBOL ÜZRƏ ÖLKƏ ÇEMPİONATININ NÖVBƏTİ OYUNLARI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının idman bazasında birinci liqada iştirak edən qadın voleybol komandaları arasında ikinci dövrənin növbəti görüşləri keçirilmişdir. Nəticələr belədir: “Veteran”-“Gənclik” TİC - 3:0, “Azəri-2”-“Təhsil/Avtomobilçi” - 0:3. “Şəki” və “Zaqatala” komandaları son iki turda iştirak etmədiyi üçün, nizamnaməyə uyğun olaraq, çempionatın digər oyunlarından da kənarlaşdırılmışlar.
Hazırda “Veteran” komandası 18 xalla turnir cədvəlinə başçılıq edir. “Təhsil/Avtomobilçi” 17 xalla ikinci, “Gənclik” TİC 16 xalla üçüncü yerdədir. Növbəti turun görüşləri fevralda olacaqdır.
Yüksək liqada çıxış edən qadın komandaları arasında II dövrənin üçüncü turunun oyunları isə fevralın 2-5-də Quba Olimpiya Kompleksində, kişi komandalarının görüşləri isə yanvarın 26-29-da Bakı və Şəki şəhərlərində keçiriləcəkdir. “A” qrupunda “Azərneft-1”, “Azərneft-2”, “Masallı” və “Saatlı”, “B” qrupunda isə “Şəki”, “Metro”, “Rabitə” və “Naxçıvan” komandaları dairəvi sistemlə mübarizə aparacaqlar.