MƏDƏNİYYƏT
VSEVOLOD ŞİLOVSKİ: “HEYDƏR ƏLİYEV MOSKVA AKADEMİK BƏDAYE TEATRINA BÖYÜK QAYĞI GÖSTƏRMİŞDİR”
Rusiyanın xalq artisti, Dövlət mükafatları laureatı Vsevolod Şilovski tanınmış rejissor Vaqif Mustafayevin hazırda çəkilməkdə olan “Qara nişan” şərti adlı filmində rollardan birini oynayacaqdır. Azərbaycan Prezidenti Heydər Əliyevə həsr olunan filmdə 1986-cı ildən bu günədək baş vermiş bir çox ictimai-siyasi hadisələr, müstəqilliyin təşəkkülünün ilk çağlarında ölkəmizin qarşılaşdığı siyasi kolliziyalar, o cümlədən 1990-cı ilin faciəli yanvar hadisələri öz əksini tapacaqdır.
Aktyor “Spase” telekanalına müsahibəsində Azərbaycan rəhbərinin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işlədiyi dövrdə Rusiyanın adlı-sanlı teatr kollektivinə - Moskva Akademik Bədaye Teatrına (MABT) göstərdiyi qayğını yüksək qiymətləndirmişdir.
O demişdir:
- O illərdə Kamerger dalanındakı əsas binamızın əsaslı surətdə yenidən qurulmasına ehtiyac vardı. Bundan ötrü böyük məbləğdə pul lazım idi. Odur ki, Nazirlər Sovetinə ərizə ilə müraciət etdik. Teatrın rəhbərliyi ilə birlikdə mən də nümayəndə heyətində idim. Mən binanın yenidən qurulmasının təşkilinə cavabdeh idim.
Bizi Nazirlər Sovetinin iclasına dəvət etdilər. İclası SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Əliyev yoldaş aparırdı. Məsələ maliyyə baxımından çox mürəkkəb idi, ona görə ki, qəti bir seçim edilməli idi: ya lazım olduğu qədər pul verirlər, ya da ümidimizi üzməliyik. Nəhəng salondakı masanın başında əyləşən Heydər Əliyev dedi: “Məsələ MABT-la bağlıdır. Biz onu diqqətsiz qoymamalıyıq. Bizim vəzifəmiz məsələni araşdırıb, maliyyələşdirmə barədə qərar qəbul etməkdir”. Qərarı da o qəbul etdi. Elə həmin iclasda bizə 25 milyon dollar ayrıldı. Az pul deyil! İncəsənətə səmimi münasibət, bax, budur.
Mən uzun ömür sürmüşəm və məni heyrətləndirmək çətindir. Mən daha sözlərə inanmıram, ancaq əməllərə inanıram. Bu insan bütün ömrü boyu böyük və nəcib işlər görmüşdür və görür. Heydər Əliyev indiyədək çalışdığı bütün dövlət vəzifələrində mədəniyyət xadimlərinə, özü də təkcə Azərbaycanın deyil, Rusiyanın da, keçmiş SSRİ-nin digər respublikalarının da mədəniyyət xadimlərinə, o cümlədən zəngin ənənələri və rus teatr məktəbinin beşiklərindən biri olan dünya şöhrətli Moskva Akademik Bədaye Teatrına da həmişə qayğı göstərmişdir.