SİYASƏT
VYANADA CƏNUBİ QAFQAZDA TƏHLÜKƏSİZLİK MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
Ölkəmizin Avstriyadakı səfirliyindən aldığımız məlumatda deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 85 illiyi münasibətilə Vyana Diplomatik Akademiyasında (VDA) respublikamızın diplomatik nümayəndəliyinin təşəbbüsü və Avstriya Beynəlxalq Münasibətlər və Xarici Siyasət Cəmiyyətinin (ABMXSC), VDA-nın dəstəyi ilə “11 sentyabrdan sonrakı dövrdə Cənubi Qafqazda təhlükəsizlik – Azərbaycandan baxış” mövzusunda elmi konfrans keçirilmişdir.
Konfransı ABMXSC-nin sədri, Avstriya Xarici İşlər Nazirliyinin sabiq baş katibi, səfir Volfqanq Şallenberq açaraq, dünyada Cənubi Qafqaza marağın getdikcə artdığını və zəngin təbii ehtiyatlara malik Azərbaycanın regionda mühüm rol oynadığını vurğuladı. O, ölkəmizin Prezidenti Heydər Əliyevin 2000-ci ildə Avstriyaya səfərinin, onun rəhbərlik etdiyi cəmiyyətin üzvləri qarşısında Azərbaycan haqqında dərin məzmunlu çıxışının indiyədək məmnunluqla xatırlandığını söylədi.
Respublikamızın Avstriyadakı səfiri Vaqif Sadıqov çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və süqutu tarixindən, mövcud olduğu qısa müddət ərzində yeritdiyi müstəqil xarici siyasətdən söz açdı. O, müstəqilliyimizin bərpasından sonra Azərbaycanın apardığı xarici siyasətdən, Cənubi Qafqazda gedən proseslərdən, Ermənistan-Azərbaycan münaqişəsindən, regional neft-qaz boru kəmərləri layihələrindən, 11 sentyabr hadisələrinin Cənubi Qafqaz bölgəsinə təsirindən, Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə qəti mövqe tutduğundan və bu sahədə mühüm tədbirlər həyata keçirdiyindən danışdı. Səfir qeyd etdi ki, məhz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsindən sonra Cənubi Qafqazda siyasi sabitliyin bərqərar olması üçün böyük işlər görülmüşdür.
Avstriyanın Azərbaycandakı səfiri Haydemariya Gürer çıxışına region dövlətlərinin tarixi barədə qısa məlumatla başladı, hazırda bölgədə mövcud olan münaqişələrin və yeni münaqişələrə gətirib çıxara biləcək halların olmasını regional təhlükəsizliyə mənfi təsir göstərən amil kimi qiymətləndirdi. Səfir bəzi dövlətlərin Qafqazdakı münaqişələrin davam etməsində maraqlı olduğunu nəzərə çarpdırdı.
Avstriya Müdafiə Akademiyasının tədqiqatçısı, Cənubi Qafqaz üzrə mütəxəssis Martin Malek çıxışında bu regionda baş verən hadisələrdən, münaqişələrdən, hərbi qüvvələrin nisbətindən, bölgədəki dövlətlərin İran, Rusiya, Türkiyə və ABŞ ilə münasibətlərindən bəhs etdi.
Sonda hər üç məruzəçi iştirakçıların suallarına cavab verdilər.
Konfransda Vyanadakı səfirlik və beynəlxalq təşkilatların, Avstriyanın hökumət və qeyri-hökumət qurumlarının, elm və təhsil ocaqlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.