SİYASƏT
VYANADA NÖVBƏTİ “TÜRK GÜNÜ” BAYRAMI KEÇİRİLMİŞDİR
Vyana, 7 iyun (AZƏRTAC). İyunun 6-da Vyanada “Avstriya Atatürkçü Düşüncə Dərnəyi”nin təşəbbüsü ilə “Türk günü” bayramı qeyd edilmişdir. Üçüncü dəfə qeyd olunan bayramda Avstriyada məskunlaşmış türklər, azərbaycanlılar və yerli sakinlər iştirak etmişlər.
Bayram iştirakçıları Vyananın mərkəzində yerləşən Şvartsenberq meydanından yürüşə başlayaraq, şəhərin küçələrindən keçmiş, musiqi sədaları altında Türkiyə və Azərbaycanın bayraqlarını dalğalandırmış, onları maraqla seyr edən yerli sakinləri “Türk günü” bayramına dəvət etmişlər. İzdihamlı yürüş Vyananın Favoriten rayonundakı geniş idman mərkəzinə yetişdikdən sonra, burada bayram şənliyi davam etmişdir.
“Avstriya Atatürkçü Düşüncə Dərnəyi”nin sədri Erol Güclü açılış nitqində vurğulamışdır ki, belə tədbirlərin məqsədi Avropada yaşayan türklərdə birlik hissi aşılamaq, ölkə ictimaiyyətinə Avropa dəyərlərini qəbul edən çağdaş türk toplumunun varlığını göstərməkdir. Bu bayramın, eyni zamanda, bütün türk xalqlarının həmrəyliyinin ifadəsi olduğuna toxunan natiq, bu kimi tədbirlərin yerli əhaliyə türkü daha yaxından tanımağa, zərərli stereotipləri məhv etməyə imkan yaratdığını söyləmişdir. E.Güclü qeyd etmişdir ki, böyük türk şairi Nazim Hikmətin dediyi kimi, Avropadakı türklər yerli əhali ilə “Bir ağac kimi tək və hürr və bir orman kimi qardaşcasına yaşamaq” arzusundadırlar.
Daha sonra bayram tədbirində Türkiyənin müxtəlif bölgələrinə məxsus xalq rəqsləri nümayiş olunmuş, türk və Avstriya musiqi qrupları çıxış etmiş, uşaqlar arasında əyləncə xarakterli yarışlar keçirilmişdir.
Bayram tədbirində həmçinin Avstriyada fəaliyyət göstərən müxtəlif cəmiyyətlərin stendləri də maraqla qarşılanmışdır. Azərbaycan Akademik Birliyinin stendində Azərbaycanın Avstriyadakı səfirliyi tərəfindən təqdim edilmiş kitab, bröşür və ölkəmizə həsr edilmiş digər informasiya materialları sərgilənmişdir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
######