CƏMİYYƏT
V Azərbaycan Beynəlxalq Arıçılıq konfransında arı məhsullarının artırılması yolları müzakirə edilir YENİLƏNİB VİDEO
Bakı, 26 yanvar, AZƏRTAC
Yanvarın 26-da Bakıda V Azərbaycan Beynəlxalq Arıçılıq konfransı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransda ölkəmizin arıçıları ilə yanaşı, Türkiyə və Rusiyadan gələn mütəxəssislər də iştirak ediblər.
Konfransda çıxış edən Kənd Təsərrüfatı Nazirliyi heyvandarlığın təşkili və identifikasiya şöbəsinin müdiri Asəf Ömərov ölkəmizdə son illər arıçılığın inkişafı ilə əlaqədar görülən işlər, bu sahəyə verilən subsidiyalar, eləcə də özəl qurumların arıçılığa göstərdiyi dəstək barədə danışıb. Onun verdiyi məlumata görə, nəsildən-nəslə keçərək yaşayan arıçılıq ənənəsi uzun illərdir ki, ölkəmizdə də uğurla davam etdirilir. Sovetlər dönəmində bu peşə xeyli dərəcədə tənəzzülə uğrasa da, müstəqillik illərində, xüsusilə son illərdə yenidən dirçəldilərək intibah dövrünü yaşayır. Elə bunun nəticəsidir ki, arıçılıqla məşğul olanların sayı getdikcə artır və ildən-ilə arıçılıq məhsullarının istehsalı çoxalır. Qeyd olunub ki, bu sahədə kadr hazırlığı da çox mühüm məsələlərdən biridir və ona görə də ölkəmizdə təsərrüfatın bu sahəsi ilə məşğul olanlar peşə hazırlığını artırmaq üçün Türkiyəyə göndərilir, qonşu ölkələrin qabaqcıl təcrübəsi öyrənilərək yayılır, arıçılığa dair kitab və broşürlər nəşr edilib yayılır.
Azərbaycan Arıçılıq Assosiasiyasının sədri Bədrəddin Həsənov, Türkiyənin Uludağ universitetinin professoru Ləvənt Aydın, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Nicat Rzazadə, Türkiyə Mərkəzi Arıçılar Birliyi sədrinin köməkçisi Cəfər Kaban və başqaları çıxış ediblər.
Konfransda çıxış edən ölkəmizin və qonşu ölkələrin peşəkar arıçıları arı ailələrinin seleksiyası, genetik xüsusiyyətləri, bal arılarının infeksion xəstəlikləri, ana arının cütləşmə biologiyası, bal, arı südü, çiçək tozu, güləm və propolis istehsalının artırılması üsulları, eyni zamanda, arıçılıq məhsullarının tədarük, saxlanma və ixracında olan çətinliklər barədə alim və mütəxəssislərin məruzələri dinlənilib, ayrı-ayrı peşəkar arıçılar şəxsi təcrübələrində tətbiq etdikləri üsulları bölüşüblər.
V Beynəlxalq Arıçılıq konfransı yanvarın 27-də öz işinə yekun vuracaq.