REGİONLAR


V Naxçıvan Beynəlxalq Arıçılıq Konfransında arıçılığın mühüm problemləri müzakirə edilib

Naxçıvan, 27 may, AZƏRTAC

Muxtar respublikada kənd təsərrüfatının digər sahələri kimi, arıçılığın da inkişafı dövlət qayğısı ilə əhatə olunub.

NDU-nun televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu barədə universitetdə keçirilən V Naxçıvan Beynəlxalq Arıçılıq Konfransında ətraflı danışılıb.

Konfransda çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, muxtar respublikada arıçılıq sahəsi ilə məşğul olan sahibkarlara dövlət tərəfindən güzəştli kreditlər verilir, arıçılıq məhsullarının idxal və ixracına əlverişli şərait yaradılır.

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Bəhruz Bayramov “Muxtar respublikada arıçılığın müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda çıxış edərək bildirib ki, muxtar respublikanın coğrafi vəziyyəti, iqlimi və bitki örtüyü ilə yanaşı, 2019-cu ilin “Ailə təsərrüfatları ili” elan edilməsi də bu sahənin inkişafına stimul verir. Son beş ildə təsərrüfat subyektlərinə 1 milyon 778 min 300 manat kredit verilib. Arıçılıq təsərrüfatlarının fəaliyyətini əlaqələndirmək, arıçıların rastlaşdıqları problemlərin vaxtında həllinə nail olmaq məqsədilə “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyi yaradılıb. Muxtar respublikada 2016-cı ildən başlayaraq “Arıçılıq məhsulları – bal festivalı”nın keçirilməsi və festivalda Ali Məclis Sədrinin iştirakı, arıçılarla görüşməsi, onların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması arıçılıq məhsullarının istehsalının artmasına və istehsal olunan məhsulların satışına müsbət təsir göstərir. Arıçılığın inkişafı istiqamətində qəbul edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nda qarşıya qoyulan hədəflərə nail olmaq üçün həyata keçirilən mühüm tədbirlər yerli və ənənəvi arı cinslərinin yetişdirilməsinə, arı ailələrindən yüksək məhsul götürülməsinə, arıçıların dövlət maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə, arıçılıq məhsullarının ixracının stimullaşdırılmasına, muxtar respublika əhalisinin arıçılıq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan yaradır.

Vurğulanıb ki, arıçılığın inkişafı üzrə aparılan çoxsaylı tədbirlər nəticəsində cari il yanvarın 1-nə muxtar respublikada 72 min 350 arı ailəsi mövcud olub, bu da 2008-ci ilin sonu ilə müqayisədə 2,5 dəfə çoxdur.

Türkiyənin İqdır Universitetinin Kənd təsərrüfatı fakültəsinin dosenti Hakkı Akdeniz arıçılığın ən mühüm problemləri, mövcud arı xəstəlikləri haqqında danışıb. Bildirib ki, arı xəstəlikləri zamanı kimyəvi dərman preparatlarından vaxtında və düzgün istifadə olunduğu təqdirdə yüksək keyfiyyətli və saf arıçılıq məhsulları əldə etmək olar.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı, biologiya elmləri doktoru, professor Rauf Sultanov arı ailələrinin payız dövründə normal inkişafının qışlamanın keyfiyyətinə və gələcək məhsuldarlığa təsir etməsinin xüsusiyyətləri haqda ətraflı söhbət açıb.

Sonra konfrans bölmə iclasları ilə davam etdirib.

Rəy və təkliflərini deyən arıçı mütəxəssislər belə mötəbər konfransın təşkil edilməsinə görə minnətdarlıqlarını bildiriblər.

Sertifikatların təqdimatından sonra muxtar respublikanın arıçılıq təsərrüfatları və emal müəssisələri ilə tanışlıq olub.

Konfransda muxtar respublikada arıçılıqla məşğul olan iri təsərrüfat sahibləri, Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyi, AMEA Zoologiya İnstitutu, Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti, Türkiyənin Bursa Uludağ Universiteti, Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Peşəkar Arıçılar Birliyi, Gəncə Dövlət Universiteti, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Arıçılıq” Mərkəzi, AMEA Naxçıvan Bölməsi, Kənd Təsərrüfatı Nazirliyi və Baytarlıq Xidmətinin əməkdaşları iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.