MƏDƏNİYYƏT
V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Kuba caz qrupunun konserti təqdim edilmişdir VİDEO
Qəbələ, 26 iyul (AZƏRTAC). Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 26-da Kubanın məşhur “Santiaguero” caz qrupunun konserti olmuşdur.
AZƏRTAC xəbər verir ki, tanınmış caz qrupu tamaşaçılara Kubanın özünəməxsus musiqisi ilə yanaşı, məşhur caz kompozisiyalarını da təqdim etmişdir.
“Santiaguero” caz qrupunun janr baxımından çox zəngin olan repertuarına cazibədar etno-caz musiqisi də daxil edilmişdir.
Öz ifaları və bəstələri ilə dünyaya səs salan “Santiaguero” caz qrupu Azərbaycan tamaşaçılarına unudulmaz gecə bəxş etmişdir.
Çıxışlar tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanmışdır.
Yeddi virtuoz ifaçıdan ibarət olan “Santiaguero” caz qrupunun direktoru Fernando Devuardır. Qrupun tərkibinə Ruben Matos, İnosensia Heredia kimi tanınmış musiqiçilər daxildir.
“Santiaguero” qrupunun musiqisi bir çox məşhur rok və caz musiqiçilərinin və qrupların yaradıcılığından qaynaqlanmışdır. Qrup dünya ölkələri arasında mədəniyyətin və incəsənətin dialoqunu, qarşılıqlı mədəni əlaqələrin inkişafını, musiqi mədəniyyətini təbliğ etmək üçün Şərqi Avropa ölkələrinə qastrol səfərlərində olmuşdur.
Dünya arenasında ənənəvi Kuba musiqisini təmsil edən “Santiaguero” septetinin repertuarı özünəməxsusluğu ilə seçilir. Qrup 2011-ci ildə “Ən yaxşı ənənəvi tropik albom” nominasiyasında “Latın Qremmi” mükafatına layiq görülmüşdür.