MƏDƏNİYYƏT


V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna diqqət özündə dünyanı narahat edən məsələləri ehtiva etməsidir

Bakı, 19 may, AZƏRTAC

Bakıda keçirilən “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iki həftədən çoxdur ki, başa çatmasına baxmayaraq, bu gün də dünyanın əksər KİV-ləri, portalları, nüfuzlu telekanalları bu tədbirlə bağlı materiallar verməkdə davam edir.

AZƏRTAC xəbər verir ki, bunun başlıca səbəbi iki gün ərzində 100 ölkədən 500-dən çox qonağın iştirakı ilə 20-dən artıq aktual mövzunu əhatə edən Forumda dünyamızda narahatlıq doğuran məsələlərin müzakirə olunmasıdır.

Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilib. 2008-ci ildən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” 10 il ərzində müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış çərçivəsində səmimiyyət və hörmətə əsaslanan fikir mübadiləsi üçün müsbət platforma yarada bilib. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib. Nəticədə tədbirə qoşulan qurumların sayı xeyli artıb. Budəfəki Foruma Latın Amerikası ölkələrindən tutmuş Səudiyyə Ərəbistanı, Böyük Britaniya kimi dövlətlərin təmsilçiləri qatılıblar. Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində insanlar arasında həmrəylik yaratmaqda və müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun mühüm rolu öyrənilib. Forum üç istiqamətdə davam edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edib.

Açılış mərasimində geniş və əhatəli nitq söyləyən ölkəmizin başçısı deyib: Xatirimdədir, 8 il əvvəl ilk forum təşkil ediləndə biz onun bu qədər geniş beynəlxalq dəstək qazanacağını təsəvvür edə bilməzdik. 2011-ci ildə bizim mədəniyyətlərarası dialoqa həsr edilmiş dünya forumunun təşkil edilməsi təşəbbüsümüz tariximiz, coğrafiyamız və düşüncəmizdən qaynaqlanırdı ki, dünyanı təhlükəsiz etmək üçün biz sivilizasiyalar, mədəniyyətlər və müxtəlif etnik qrup və dinlərin nümayəndələri arasında dialoqun təşviqi sahəsində çox fəal olmalıyıq.

Foruma göstərilən geniş beynəlxalq dəstək bizi ruhlandırır. Bu gün Forumun həmtəşkilatçıları arasında dünyanın aparıcı beynəlxalq təşkilatları var və bizim birgə səylərimiz mədəniyyətlərarası dialoqun təşviqi işinə töhfə verir”.

V Forumun başlığı açıq-aydın ismarıcı ehtiva edir deyə açılış mərasimində çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos deyib: Buraya üç açar söz daxildir: dialoq, dialoqun qurulması və fəaliyyət naminə. Mən istərdim, üçüncü konsepsiyanı incələyim. Dialoq, fəaliyyət və bunun nəticəsində yaranan alyans və yaxud ittifaq. Hesab edirəm ki, bu Forum vaxtında təşkil olunub”.

Forumda müzakirə olunan əsas mövzulardan biri - dünyada baş verən münaqişələr haqqında danışan BMT-nin Ali nümayəndəsi bu problemin kökündə dinin və imanın deyil, dinlə manipulyasiya edərək insanları bir-birinə qarşı qoyan qüvvələrin dayandığını əsaslandırdı.

Bu beynəlxalq mədəniyyətlərarası dialoq proqramında çox uzunmüddətli bir hədəfin mövcud olduğunu söyləyən UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif bildirib ki, əsas məqsədimiz müsbət dəyişiklikləri insan hüquqları və qarşılıqlı hörmət əsasında təbliğ etmək, müsbət istiqamətdə daha ədalətli, inklüziv və dayanıqlı bir cəmiyyət formalaşdırmağa çalışmaqdır. Bu, davamlı inkişaf hədəflərinin də ümdə prinsipləridir ki, bu da heç kəsi arxada qoymamaq prinsipi ilə həmahəngdir. Bütün bunların hamısı müxtəlifliyin hər zaman güc və qüdrət mənbəyi olduğunu nümayiş etdirmək və bunlardan cəmiyyətlərdə hamının bəhrələnməsinə imkan yaratmaqdır.

Bakı Forumunun mühüm əhəmiyyətini xüsusi vurğulayan İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin deyib: “Bu tədbir Qərb və İslam dünyası arasında mədəniyyətlərarası dialoqun aparılmasına verilən bir töhfədir və onun gücləndirilməsinə yönələn bir addımdır. Təbii ki, bu il keçirilən Forum məhz bizim ümumi əməyimizə əsaslanır, xüsusən də münaqişələrə və radikal ünsürlərə qarşı mübarizənin aparılmasında ümumi cəbhədən çıxış etməyi bizdən tələb edir. Təbii ki, biz bununla mədəniyyətlərarası dialoqun bütün sahələrdə gücləndirilməsi zərurətini müşahidə edirik. İstərdik ki, biz ümumi məxrəcdən çıxış edərək ayrı-seçkiliyin, ksenofobiyanın və ekstremizmin bütün formalarına qarşı birgə mübarizə aparaq”.

“Azərbaycan bizim zəruri üzv ölkəmizdir. Bizim gənc, dinamik, demokratik dövlətdir. Avropanın bu hissəsində yerləşən bir məmləkətdir. Habelə nəinki mədəniyyətlərarası dialoq, həmçinin məxsusi olaraq müzakirə etdiyimiz mövzu ilə bağlı aparıcı dövlətdir. Odur ki, qeyd etmək istəyirəm, burada - bu Forumda bir daha çıxış etmək mənim üçün böyük fəxrdir”, - deyə Avropa Şurasının Baş katibinin müavini Qabriella Battaini-Draqoni söyləyib.

ISESCO-nun Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri də Forumun əhəmiyyətinə toxunub. ISESCO-nun İslam aləmində sivilizasiyalararası münasibətlərə töhfə vermək üçün yorulmaz fəaliyyət göstərdiyini qeyd edib.

O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq dedi: “Bizim hamımıza məlum olan reallıq ondan ibarətdir ki, Azərbaycanın 20 faiz ərazisi Ermənistanın işğalı altındadır. Bu da beynəlxalq hüququn pozulmasıdır. BMT-nin Təhlükəsizlik Şurasının bununla bağlı qətnamələri var. Azərbaycan sülh, dialoq və qarşılıqlı hörmətə, yanaşmaya əsaslanan ölkədir. Dünya Azərbaycana yardım etmir, dünya Azərbaycana ədalətsiz yanaşır. Ancaq bu torpaqlar yenidən Azərbaycana qovuşmalıdır. Bu, sülhə aparan yoldur, bu, dialoqun uğurlu olmasına aparan yoldur”.

Belə dəyərli fikirlərin sayını istənilən qədər artırmaq olar. Forum çərçivəsində mədəniyyətlərarası dialoq və insan ləyaqətini təbliğ etməklə inklüziv və davamlı cəmiyyətlərin qurulmasında dövlət, özəl və üçüncü sektoru təmsil edən təşkilatlar üçün ümumi yol xəritəsini hazırlamaq məqsədilə digər maraqlı tərəflərlə yanaşı, həm də siyasi, iqtisadi, maliyyə, hərbi, humanitar və sosial təşkilatlar arasında tərəfdaşlığın formalaşdırılması üçün beynəlxalq təşkilatların və nazirlərin 2-ci yüksək səviyyəli görüşü keçirilib. Eyni zamanda, iki gün ərzində “Akademik Forum: dinlərarası dialoq və dini müxtəlifliyin idarə olunması”, “Müxtəlifliyin idarə olunması: çoxsəviyyəli və çoxtərəfli əməkdaşlıq”, “Qlobal vətəndaşlıq təhsili: sülh mədəniyyətinin aşılanması”, “Sülh naminə çoxtərəflilik və diplomatiya”, “Türkdilli ölkələr arasında dialoqun qurulmasında Böyük İpək Yolunun rolu” və digər mövzularda plenar və aralıq sessiyalar olub. Həmçinin tədbir günlərində qonaqlar üçün sərgi də açılıb, musiqili proqramlar da təşkil edilib.

V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Gənclər sülh naminə: şiddətli ekstremizmə qarşı əks qüvvənin formalaşdırılması” mövzusunda ikinci plenar sessiya da ən yaddaqalan tədbirlərdən olub. Sessiyada iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib: “Dünyamızı daha yaxşı etmək üçün bir çox ölkələrdən insanları burada bir arada görmək olduqca xoşdur. Bu gün bizim hamımızın burada bir araya gəlməyimizin səbəbi zəngin fərqliliklər, mədəni müxtəlifliklər, bəşəri dəyərlər və anlaşmadır.

Mən sülhün və müxtəlifliyin təbliğində məhz gənclərin rolunu xüsusi qeyd etmək istərdim. Gənclərin çoxsaylı şəbəkələr yaratmaq, özü də bütün mümkün sərhədləri keçmək kimi gözəl qabiliyyətləri var. Sülh və harmoniya uğrunda mübarizədə gənclərə əksər hallarda ümidsiz romantiklər kimi baxırlar. Amma deyərdim ki, bu, qeyri-səmimi yanaşmadır. Əminəm ki, gənclərin dialoqa açıqlığı sülhə və rifaha gətirib çıxaracaq”.

Forumun bağlanış mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayevin dediyi fikirlər də olduqca diqqətçəkən olub: “Birinci dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna 40 ölkə ilə başladıq. Hazırda isə bu Forumda 135 ölkə təmsil olunur. Forum müddətində çoxsaylı məruzələr dinlənilib, 20-dən çox müxtəlif tədbir, o cümlədən sessiya, dəyirmi masa və s. təşkil edilib. Habelə 30-dan çox beynəlxalq təşkilatın rəhbərləri bir otaqda əyləşərək müzakirələr aparıblar. Bütün sessiyalarda keçirdiyimiz hər məqam canlı şəkildə BMT veb-saytı vasitəsilə yayımlanıb”.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos, UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri və BMT-nin Dünya Turizm Təşkilatının icraçı direktoru Manuel Butler Halter çıxış edərək Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə, xüsusilə də Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Beləliklə, iki gün ərzində Bakıda müasir dünyanı narahat edən ən aktual məsələlər müzakirə mövzusu olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.