CƏMİYYƏT


V Uşaq Forumuna hazırlıq çərçivəsində növbəti layihə başa çatıb VİDEO

Bakı, 10 sentyabr, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Regional İnkişaf” İctimai Birliyi və UNICEF-in Azərbaycandakı nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində bu ilin noyabr ayında baş tutacaq Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumuna hazırlıq məqsədilə avqustun 30-da Forum iştirakçıları üçün açılan “Lider olmaq istəyirəm!” adlı 10 günlük yay məktəbinin bağlanış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, avqustun 30-dan sentyabrın 10-dək davam edən yay məktəbində Foruma seçim turlarında fəallığı ilə seçilən uşaqlar, həmçinin şəhid və qazi övladları da daxil olmaqla 60 nəfər iştirak ediblər.

Bakıdakı 70 saylı məktəbin şagirdi, V Uşaq Forumunda iştirak edəcək Mədinə Paşayeva deyir ki, iki mərhələdə olmaqla 10 gün müddətində iştirakçısı olduğu “Lider olmaq istəyirəm!” yay məktəbi onun gözlədiyindən daha maraqlı olub. Həmin müddətdə liderlik bacarıqlarını inkişaf etdirən digər həmyaşıdları kimi, Mədinə də onlara bu imkanı verən təşkilatlara təşəkkürünü bildirib. Təlimlərdən sonra poster hazırlanması və qrup işləri ilə məşğul olduqlarını deyən iştirakçı gördüyü işlərdən zövq aldığını deyib.

Şuşa rayon 7 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Xəyal Bayramzadə bildirib ki, təlimlərdə olduqları müddətdə uşaqlar liderlik bacarığını inkişaf etdirməklə bərabər, bir-birilərinə yardımçı olmağı da öyrənib, komanda oyun bacarıqlarını genişləndiriblər. Təlimlərdən və onların yaratdığı təəssüratlardan danışan Xəyal şəxsən onu daha çox psixoloji təlimlərin cəlb etdiyini deyib.

Təhsilin idarə edilməsi üzrə mütəxəssis, Azərbaycan Britaniya Kolleci və Bakı Ali Neft Məktəbinin müəllimi Qoşqar Məhərrəmov apardığı təlimləri belə xatırlayıb: “Şagirdlərə keçdiyim iki təlim müddətdə “Təhsildə yeni standartlar: çağırışlar və bərabər imkanlar” mövzusu üzrə uşaqlar tərəfindən hazırlanan təqdimatlar göstərdi ki, onlar daha çox özgüvənli, özlərini ifadə etmək baxımından daha inamlıdırlar, informasiya-kommunikasiya texnologiyalarından məharətlə yararlana bilirlər. Ən əsası isə onların sosial mediada öz hədəflərinin olduğunu görmək mümkündür. Fenomen uşaqlar var ki, onların hədəfləri bizimkindən fərqlidir”.

3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin Nəsimi rayon filialında fəaliyyətə başlayan “Lider olmaq istəyirəm” yay məktəbinin bağlanış mərasimində ilk olaraq uşaqların yay məktəbində fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Layihənin başa çatdığını elan edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva uğurlu layihə münasibətilə iştirakçıları təbrik edib, qarşıya qoyulan məqsədə çatmaq işində uşaqların göstərdiyi fəallığa, bilik və bacarıqlarına görə onlara təşəkkürünü bildirib.

Daha sonra təlimlərdə və keçirilən intellektual oyunlarda fərqlənən iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim edilib, xatirə şəkilləri çəkdirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva yay məktəbinin fəaliyyətdə olduğu on gün müddətində aidiyyəti mövzular üzrə mütəxəssislər və ekspertlərin keçirdiyi təlimlərə qatılan şəxslərə, habelə layihəyə informasiya dəstəyi verən kütləvi informasiya vasitələrinə xüsusi təşəkkürünü ifadə edib. O, layihənin uğurlu olduğunu deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.