MƏDƏNİYYƏT
Vadea Əlbinxəlil: Azərbaycan vətəndaşları əcnəbilərə qarşı çox diqqətcil və mehribandırlar
Bakı, 15 sentyabr, Ceyhun Alışlı, AZƏRTAC
Turizm sənayesi ölkə iqtisadiyyatının əsas prioritet hesab olunan sahələrindən biri olmaqla yanaşı, həm də müxtəlif millətlərin ölkə haqqındakı təsəvvürlərinə müsbət təsir göstərir. Bu baxımdan da Azərbaycanda bu sahənin inkişaf etdirilməsinə ölkə başçısı tərəfindən yüksək diqqət və qayğı göstərilir. Təsadüfi deyil ki, bu yöndə aparılan işlərin nəticəsi olaraq ölkədə turizm sahəsi inkişaf etdirilir. Son vaxtlar ölkəmizə turist axınlarının şahidi oluruq. İndi dünyanın müxtəlif yerlərindən gələn turistləri ölkəmizin hər yerində görmək mümkündür. Hazırda Azərbaycanın turist qonaqları arasında körfəz ölkələrindən gələnlər üstünlük təşkil edir.
AZƏRTAC körfəz ölkələrindən sayılan Bəhreynin “Albinxalil” turizm və səyahət şirkətinin rəhbəri Vadea Əlbinxəlilin ölkəmizin turizm potensialı və turizm sənayesinin inkişafı ilə bağlı münasibətini öyrənib.
Ölkəmizin turizm imkanlarını yüksək qiymətləndirən V.Əlbinxəlil qeyd edib ki, bu gün Azərbaycanın yenidən müstəqillik qazanmasından 25 il keçməsinə baxmayaraq, sözügedən sahədə böyük irəliləyişlərə nail olunub. Bakının təmiz və səliqəli şəhər olduğuna diqqət çəkən turist bildirib ki, Azərbaycana 13 nəfər turisti gətirib. “Biz beş gündür ki, Bakıdayıq. Bakıda çox yerlərdə olduq. Xüsusən ölkənizin tarixini əks etdirən Qız qalası, Şirvanşahlar Sarayı və bir sıra tarixi əhəmiyyətli məscidlərə baxdıq. Heydər Əliyev Mərkəzin dizaynı bizim çox xoşumuza gəldi. Xəzərdə gəmi ilə səyahət etdik. Qəbələdə və Yanardağda da olduq. Burada insanlardan çox yüksək diqqət və qonaqpərvərlik gördük. Mən və rəhbəri olduğum turist heyəti ölkənizdən, vətəndaşlarınızdan çox razıyıq”, - deyə V.Əlbinxəlil bildirib.
Rəhbəri olduğu müxtəlif turist şirkəti ilə mütəmadi olaraq İtaliya, Sloveniya, Türkiyə, Bosniya, Almaniya və İspaniyada olduğunu diqqətə çatdıran qonaq, Azərbaycanın da bu ölkələrdən turizm baxımından heç də geri qalmadığını söyləyib. Qonaq vurğulayıb ki, oktyabr və yanvar aylarında yeni qruplarla növbəti dəfə Azərbaycana gəlmək niyyətindədir. O, deyib: “Burada bir sıra Azərbaycan turizm şirkətləri ilə danışıqlar apardım. Gələcəkdə bu istiqamətdə əməkdaşlıq etməyi düşünürəm. Biz iki gündən sonra Bakını tərk edirik. Burada olduğumuz müddət ərzində tolerantlığın bir daha şahidi olduq. Düzdür, bunu dostlarımızdan eşitmişdik, ancaq gəldik bir daha əyani olaraq gördük. Bir sözlə, bu ölkənin vətəndaşları əcnəbilərə qarşı çox diqqətcil və mehribandırlar. Biz bunu Azərbaycanın hər yerində müşahidə etdik”.
Azərbaycanda otel və mehmanxanalarda turistlərə göstərilən xidmət səviyyəsinin yaxşı olduğunu qeyd edən qonaq, ümumilikdə bütün şəraitdən razı qaldığını diqqətə çatdırıb.